"Ən mübahisəli məsələ Qarabağ ermənilərilə bağlı olan nüansıdr”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqanın Vaşinqtonun ən mübahisəli məsələlərin həlli ilə bağlı Bakı və İrəvana təkliflər təqdim etdiyi barədə fikirlərini şərh edərkən deyib:
"İrəvan çərçivə sazişinə Qarabağda yaşayan ermənilərin gələcək hüquq və təhlükəsizliyi mövzusunun müzakirəsi və bu müzakirələrdə xarici vasitəçilərin iştirakının təsbit olunmasını istəyir. Bakı isə bəyan edir ki, Ermənistanın Azərbaycanın suveren hüquqlarına aid məsələlərə qarışması yolverilməzdir və bu heç bir sənəddə öz əksini tapmamalıdır. Blinkenin bəyanatında bu məsələ müvafiq ölkələrdə olan milli azlıqlar məsələlərinə gələcəkdə baxıla biləcəyi şəklində verilib. Burada bir növ paralel yanaşma sərgilənir. Yəni, ermənilərin məsələsi müzakirə olunarsa, Qərbi azərbaycanlılar məsələsi də eyni səviyyədə müzakirə olunmalıdır”.
Həmsöhbətimizə görə, Zəngəzur dəhlizi məsələsilə bağlı da hansısa fikirlər səslənə bilər:
"Başa düşməliyik ki, bu və ya digər şəkildə Zəngəzur yolunda, yəni Azərbaycanın iki hissəsi arasında kommunikasiya olmalıdır. Burada xüsusi hansısa qaydalar tətbiq olunmalıdır. Əsas məsələ delimitasiya və demarkasiya məsələsinin həllinə qədər hər iki tərəfdən müvəqqəti olaraq hansısa təhlükəsizlik addımlarının atılmasıdır. Bu məsələdə Paşinyanın bəyan etdiyi mövqeyi Vaşinqton rəsmiləri də səsləndirib. Onlara görə, iki ölkənin hərbi qüvvələri şərti sərhəddən arxaya çəkilməlidir. Bu da Azərbaycanın hərbi və strateji maraqlarına uyğun deyil. Azərbaycan Laçın yolunda yenicə sərhəd-keçid məntəqəsi yaradıb. ABŞ-ın təklifi fonunda isə həmin sərhəd-keçid məntəqəsi aradan qaldırılmalıdır. Arxa cəbhəmizdə ermənilərin qanunsuz hərbi dəstələrinin olması bu məsələnin icrasına imkan vermir”.
Qeyd edək ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqan Vaşinqton administrasiyasının Ermənistan və Azərbaycan rəhbərliyinə sülh sazişi çərçivəsində bəzi məsələlərin həlli ilə bağlı təkliflərini təqdim etdiyini bildirib. Onun sözlərinə görə, iki ölkə arasında danışıqlar prosesində irəliləyiş var.
Rüfət Sultan