Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib. Təbrik məktubunda Bayden bildirir ki, Azərbaycanla ABŞ arasındakı tərəfdaşlıq regionda inkişafı təmin edib: "Biz birlikdə terrorizmlə mübarizə aparır, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər görür və kütləvi qırğın silahlarının yayılmasının qarşısını alırıq".
Bu isə o deməkdir ki, Bayden regionda inkişafın təmin edilməsində Vaşinqtonla Bakı arasındakı tərəfdaşlığın mühüm rol oynadığını etiraf edir. ABŞ Prezidentinin bu açıqlaması həm də o anlama gəlir ki, Ağ Ev adminstrasiyası tərəfdaşlıq istiqamətindəki fəaliyyətini genişləndirməkdə maraqlıdır. "Birlikdə terrorizmlə mübarizə” ifadəsini işlətməklə ABŞ prezidenti sözsüz ki, Azərbaycanın terrora qarşı mübarizəyə mühüm töhfə verdiyini bildirmiş olur. Həqiqətən də Bakı Əfqanıstanda və dünyanın bir çox digər yerlərində terrorla mübarizədə ABŞ-la birlikdə aktiv iştirak edib.
ABŞ Prezidenti məktubunda Rusiyanın Ukrayna xalqına qarşı qəddar müharibəsi dövründə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində bir yerdə olduqlarını da bildirib. Bu isə Vaşinqtonun Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirdiyinə işarədir. Azərbaycan Avropaya neft və qaz nəqlini artırır. Bunun da nəticəsində Azərbaycanın "köhnə qitə”nin enerji təmiantında çəkisi yüksəlir.
Sözsüz ki, Bayden məktubunda Azərbaycan Ermənistan münasibətlərinə də toxunub. O qeyd edib ki, Birləşmiş Ştatlar Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizlik və inkişafı təşviq edəcək, Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləmǝyǝ davam edəcəkdir.
Bu açıqlama Vaşinqtonun İrəvanla Bakı arasında sülhün əldə edilməsi prosesində iştirakını daha da gücləndirəcəyinə, bu yöndə səylərini artıracağına işarə ola bilər. Bilirik ki, son zamanlar Vaşinqton Brüssel ilə birlikdə Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi istiqamətində səylərini artırıb. Baydenin məktubunda deyilənlər ABŞ-ın bölgəmizdə dayanıqlı və ədalətli sülhə tərəfdar olduğunu da göstərir.
ABŞ Prezidentinin təbrik məktubu göstərir ki, Ağ Ev sahibi Bayden qarşıdan gələn illərdə də Azərbaycanla əlaqələrdə əsasən təhlükəsizlik və iqtisadi əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Bütün bunlar onu göstərir ki, ABŞ-ın Azərbaycana marağı günü-gündən daha da yüksəlir və bu yüksəliş növbəti illərdə də artacaq.
Rüfət Sultan