"Vaşinqton danışıqlarında hansısa bir sənəd imzalanmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüşü şərh edərkən deyib:
"Vaşinqtonda ciddi danışıqlar gedir. Amerikalı rəsmilər Azərbaycanı Qarabağ ermənilərilə danışıqlarda beynəlxalq vasitəçilərin iştirakını da təmin etməyə vadar etməyə çalışır. Bakı buna imkan verməyəcək. Qarabağ ermənilərilə söhbət ikilikdə olacaq. Heç bir kənar qüvvə burada vasitəçi olmayacaq. Bu müstəvidə Vaşinqton danışıqlarının gedişində hansısa sənədin imzalana biləcəyini düşünmürəm. ABŞ-ın Azərbaycana təzyiq etmək imkanları yoxdur. Bura qoşun çıxara bilməzlər”.
Həmsöhbətimizə görə, ABŞ vəziyyəti düzgün qiymətləndirmir:
"Blinken deyib ki, Laçın yolunda buraxılış məntəqəsinin qurulması sülh prosesinə əngəldir. Bu, kökündən yanlışdır. Əksinə, bu məntəqənin yaradılması Ermənistana da Zəngəzurda anoloji addım atmaq üçün dəvətdir. Yəni, Azərbaycanın bu addımı Ermənistana da dəstəkdir. Sülh prosesinə də xeyirdir. Qarabağda qeyri-qanuni iddialarla çıxış edən qüvvələrə isə ağır zərbədir”.
Qeyd edək ki, Vaşinqtonda dövlət katibi Entoni Blinkenin vasitəçiliyilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlara start verilib. Danışıqların bir həftə davam edəcəyi gözlənilir.
Rüfət Sultan