"ABŞ Rusiyada reallaşacaq görüşə qədər Bakı və İrəvan arasında olan problemlərin həllinə çalışır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun Bakıya növbəti səfərini şərh edərkən deyib.
Onun fikrincə, Lui Bono Bakı və İrəvan arasında imzalanması gözlənilən sülh müqaviləsinin şərtlərini tərəflərə çatdırmaq istəyir:
"Təbii ki, Dövlət Departamenti rəsmisinin bu səfəri Cənubi Qafqazdakı ümumi vəziyyətlə tanışlıq məqsədi daşıyır. Digər tərəfdən, Lui Bono Bakı və İrəvan arasında imzalanması gözlənilən sülh müqaviləsinin şərtlərini tərəflərə çatdırmaq istəyir. ABŞ və Avropa İttifaqı çalışır ki, bu məsələdə Rusiyanı moderator rolu oynamaqdan tamamilə uzaqlaşdırsınlar. Bu yolla da Qərb bölgədə öz maraqlarını təmin etmək məqsədi güdür.
Azərbaycan və Ermənistan rəhbərlərinin Vaşinqtonda görüşəcəyi barədə səslənən fikirlərin ardınca, onların Moskvada da görüşəcəyi barədə məlumatın yayılması ABŞ-ı prosesdə daha çevik olmağa, bölgəyə daha tez-tez diplomatik səfərlər etməyə məcbur edib. Dövlət Departamenti nümayəndəsinin Bakıda olmasını da ancaq bununla əlaqələndirmək olar. Vaşinqtonda iki ölkə rəhbərlərinin görüşünün olacağı barədə yayılan məlumatdan sonra Rusiyada da anoloji görüşün olacağı barədə fikirlər səsləndi. Hesab edirəm ki, ABŞ Rusiyada olacaq görüşə qədər Bakı ilə İrəvan arasında olan məsəllərin əksəriyyətinin həllinə nail olmağa tələsir”.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono gözlənilmədən Bakıya gəlib. Hansı ki, Lui Bono cəmi bir ay əvvəl Bakıda, ardınca da İrəvanda olub.
Rüfət Sultan