Xəbər lenti

Vaşinqton-Tehran xəttində kritik mərhələ (ŞƏRH)
Dünya 12:24 07.05.2026

Vaşinqton-Tehran xəttində kritik mərhələ (ŞƏRH)

ABŞ Prezidenti Donald Tramp İranla mümkün nüvə anlaşması ilə bağlı həm nikbin, həm də sərt mesajlar verib. Ağ Ev rəhbəri PBS telekanalına müsahibəsində bildirib ki, Çinə planlaşdırılan səfərinə qədər Tehranla müəyyən razılığın əldə olunması ehtimalı qalır və Vaşinqton diplomatik kanalları açıq saxlamaqda maraqlıdır. 

Trampın sözlərinə görə, hazırda ABŞ və Iran arasında aparılan təmasların nəticə verməsi üçün "kifayət qədər ciddi imkanlar” mövcuddur. 

"Bəli, bu mümkündür. Hesab edirəm ki, prosesin müsbət yekunlaşması üçün yaxşı şanslar var. Əgər bu baş verməsə, biz  yenidən hərbi variantı nəzərdən keçirməli olacağıq”, deyə ABŞ  prezidenti bildirib. 

Ağ Ev rəhbəri jurnalistlərin "danışıqların nəticəsi ilə bağlı hələ də nikbinsinizmi” sualına cavabında vurğulayıb ki, əvvəllər də İranla razılaşmanın yaxın olduğuna inanıb, lakin yekun nəticənin necə olacağını zaman göstərəcək. 

Məlumata görə, Trampın Çinə səfəri mayın 14–15-nə planlaşdırılıb. Vaşinqton administrasiyası həmin səfər ərəfəsində Yaxın Şərqdə gərginliyin müəyyən qədər azaldılmasına çalışır. ABŞ rəsmiləri hesab edirlər ki, İran məsələsində mümkün diplomatik irəliləyiş regiondakı hərbi riskləri azaltmaqla yanaşı, enerji bazarlarındakı qeyri-müəyyənliyi də zəiflədə bilər. 

Son aylarda ABŞ-ın Yaxın Şərqdə hərbi fəallığı nəzərəçarpacaq dərəcədə artıb. Vaşinqton xüsusilə İranın nüvə proqramı, uranın  zənginləşdirilməsi səviyyəsinin yüksəlməsi və Tehranın regiondakı silahlı qruplarla əlaqələrindən narahatlığını gizlətmir. 

Xatırladaq ki, ABŞ və İran arasında münasibətlər 2018-ci ildə Tramp administrasiyasının nüvə sazişindən - Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) birtərəfli qaydada çıxmasından sonra kəskin şəkildə pisləşib. Bundan sonra Vaşinqton Tehrana qarşı ağır iqtisadi sanksiyalar tətbiq edib, İran isə nüvə proqramını sürətləndirib. 

Beynəlxalq ekspertlərin fikrincə, Vaşinqton və Tehran arasında mümkün yeni anlaşma təkcə siyasi baxımdan deyil, həm də qlobal enerji bazarları üçün mühüm əhəmiyyət daşıyır. 

Analitiklər hesab edirlər ki, tərəflər arasında gərginliyin azalması neft qiymətlərinə və Yaxın Şərqdə təhlükəsizlik balansına birbaşa təsir göstərə bilər. 

Trampın Çin səfəri ərəfəsində Pekin  də Tehrana siyasi dəstəyini açıq şəkildə nümayiş etdirib. Çinin xarici işlər naziri Vang Yi  Pekində iranlı həmkarı Abbas Araghchi ilə görüşü zamanı bildirib ki, Pekin İranın milli suverenliyini və təhlükəsizliyini dəstəkləyir:

"Çin İranın milli suverenliyinin və təhlükəsizliyinin qorunmasını dəstəkləyir, Tehranın diplomatik kanallar vasitəsilə siyasi həll yolu axtarmaq istəyini yüksək qiymətləndirir".

Çinli diplomat əlavə edib ki, regionda münaqişənin yenidən alovlanması qəbuledilməzdir və tərəflərin danışıqlarda israrlı olması xüsusi əhəmiyyət daşıyır. 

Abbas Əraqçinin müharibənin başlanmasından sonra Pekinə ilk səfəri məhz Çin tərəfinin dəvəti ilə baş tutub. Görüş ABŞ-İran  qarşıdurmasının dərinləşdiyi və qlobal enerji bazarları üçün  strateji əhəmiyyət daşıyan Hörmüz boğazı ətrafında gərginliyin artdığı həssas dönəmdə keçirilib. Hazırda Hörmüz boğazında təhlükəsizlik risklərinin yüksəlməsi beynəlxalq enerji təchizatı ilə bağlı narahatlıqları artırır. 

Van İ görüş zamanı bu məsələyə də toxunaraq bildirib ki, beynəlxalq ictimaiyyət dəniz yollarında təhlükəsiz və fasiləsiz hərəkətin təmin olunmasında maraqlıdır:

"Beynəlxalq ictimaiyyət Hörmüz boğazından təhlükəsiz və fasiləsiz keçidin təmin olunması ilə bağlı ortaq narahatlıq keçirir.  Çin ümid edir ki, tərəflər yaranmış gərgin çağırışlara operativ şəkildə cavab verəcəklər".

Siyasət şöbəsi

--> -->