Ermənistanın baş naziri Nikol Paşinyan mayın 3-də parlamentdə müxalif "Ermənistan” fraksiyasından olan deputat Qeqam Manukyanın "Praqada keçirilən görüş formatında, Vaşinqtonda müzakirə olunan sənəd əsasında iyunun 1-də Kişinyovda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının mümkün olub-olmadığı” barədə sualına belə cavab verib:
"Belə olsaydı, çox sevinərdim. Bunlar pis xəbər deyil, yaxşı xəbərlərdir. Danışıqlar davam etdiyi üçün deyəcəyim hər hansı müsbət və ya mənfi şərh gedişata təsir edəcək. Mən Vaşinqtona səfər edən rəsmilərə dedim ki, danışıqları sərbəst aparsınlar və ictimaiyyətə açıqlanan fikirlərimiz çərçivəsində vurğuladım - siz bilməlisiniz ki, Azərbaycanla danışıqlar apardığınız sənədi mən imzalayacam”.
Paşinyan hansı sənəddən danışır və onun imzalanması realdırmı?
Qaynarinfo-ya açıqlama verən politoloq Taleh Əliyevin fikrincə, Paşinyan bu təmas zamanı Vaşinqton görüşündə əldə edilən razılıqları nəzərdə tutub:
"Bakı ilə İrəvan arasında danışıqlarda Ermənistan tərəfdən bir nömrəli məlumatlı şəxs elə Paşinyanın özüdür. Paşinyannın bu müstəvidə erməni müxalifətindən olan nümayəndənin sualına cavabı da daha çox daxili auditoriyaya hesablanmış cavab idi. Paşinyan özü də gözəl bilir ki, Ermənistanla Azərbaycan arasında sülhün imzalanması hələ çox tezdir. Diqqət etmisinizsə, ABŞ görüşü bitər-bitməz məlum oldu ki, Moskva görüşü də olacaq. Moskva görüşündən də əvvəl elan olundu ki, iyunun 1-də Avropa Siyasi Birliyinin Kişinyovda keçiriləcək forumu zamanı Azərbaycan Prezidentilə Ermənistan baş nazirinin növbəti görüşü gözlənilir. Amma ilk dəfə idi ki, Moskvada keçirilən görüşlər xaricində Vaşinqtonda baş tutan görüşdə sülh sazişilə bağlı "Sülh və dövlətlərarası münasibətlərin qurulmasında ikitərəfli əlaqələrin inkişafı sazişi” adlı sənəd açıqlandı. Bu onu göstərir ki, Amerika danışıqlarında ciddi razılıq əldə edilib. Ermənistanın Rusiyayönümlü siyasi ekspertləri Vaşinqton danışıqlarında tərəflərin müəyyən razılığa gəldiyini, amma onu gizli saxladıqlarını bəyan edirlər. Onlar Brüsseldə olacaq görüşü isə həmin gizli razılaşmanın təsdiqinə hazırlıq kimi qiymətləndirirlər”.
Həmsöhbətimiz bu əsasda yekun sülh sazişinin imzalanmasını real hesab etmir:
"Problemin həllilə hazırda iç tərəf məşğuldur. Vaşinqton, Brüssel və Moskva. Hər üç tərəf də problemin həllinə fərqli yanaşma tərzi sərgiləyir. Onların rəqabət şəraitində olduğu bir zamanda, Kişinyov və Brüssel danışıqlarında yekun sülh sazişinin imzalanması real görünmür”.
Rüfət Sultan