"ABŞ-a güvənməyin tərəfdarı deyiləm”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Turan Rzayev Azərbaycan XİN başçısı Ceyhun Bayramovla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında baş tutan telefon danışığını şərh edərkən deyib.
"ABŞ-ın son zamanlar Cənubi Qafqazda təsir dairəsini gücləndirmək və Azərbaycan-Ermənistan münaqişəsinin yekunlaşması istiqamətində səylərini artırdığını görürük. Prosesi yekunlaşdırmaqla bağlı Vaşinqtonun planı var. Hətta bu istiqamətdə Ermənistana Azərbaycanın ərazi bütövlüyünü tanımaq üçün təzyiqlər etdiyini də bilirik. Buna baxmayaraq, regionda Rusiya faktorunu da unutmamalıyıq. Rusiya-Ukrayna müharibəsi fonunda Vaşinqton Cənubi Qafqazda öz təsir dairəsini artırmaq üçün aktivləşib. Amerikanın Cənubi Qafqaza baxışını iki ana xətt üzrə dəyərləndirmək lazımdır. Bunlar, Ermənistan-Azərbayan münaqişəsinin həlli və Tehranla Bakı arasındakı gərginliklə bağlıdır”, deyə politoloq bildirib.
Ekspert Ermənistanla bağlı prosesdə ABŞ-ın iştirakını müsbət dəyərləndirmir. Onun fikrincə, Vaşinqton planı gerçəkləşsə, ABŞ növbəti mərhələdə Bakıdan qeyri-rəsmi şəkildə Qarabağ ermənilərinə mədəni muxtariyyət verilməsini tələb edə bilər: "Ona görə də bu məsələdə Amerikaya güvənməyin tərəfdarı deyiləm”.
Amma həmsöhbətimiz İranla bağlı məsələdə ABŞ-la əməkdaşlığı məqbul hesab edir:
"İranla vəziyyətin gərginləşməsi fonunda "düşmənimin düşməni mənim dostumdur” fəsləfəsinə əsasən, ölkəmizin daha güclü dövlətlərin dəstəyinə ehtiyac var. İsrailin də İran ətrafında müsəlman ölkələrindən ibarət koalisiya qurduğunu müşahidə edirik. Bir müddət öncə Misir prezidentinin ölkəmizə səfəri də bu müstəvidə təsadüfi olmayıb. ABŞ rəsmisinin İsrail və Misirə səfəri sonrası Sisinin ölkəmizə gəlişi Amerikanın Qahirə üzərindən regiondakı maraqlarını artırmaq cəhdi kimi qiymətləndirə bilərik. Hesab edirəm ki, Tehran Ermənistan üzərindən Azərbaycana təxribata cəhd etsə, bu İrana hərbi müdaxiləni leqallaşdıracaq. İranın gərginliyi azaltmaq əvəzinə, onu daha da artırması fonunda Bakı da bu məsələdə aktivliyini artırıb”.
Qeyd edək ki, dünən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub. XİN-in məlumatına görə, tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin cari gündəliyi, regionda vəziyyət və Azərbaycan-Ermənistan arasında sülh prosesi barədə ətraflı müzakirə aparıblar.
Rüfət Sultan