"ABŞ-ın bu addımı Azərbaycana qarşı Avropadan gələn təzyiqlərin davamıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev ABŞ Senatının Azərbaycana hərbi yardım göstərilməsini qadağan edən "Müdafiə Aktı”nı qəbul etməsini şərh edərkən deyib.
Arif Əliyevin sözlərinə görə, ABŞ elan etmişdi ki, Avropa İttifaqının yüksək nümayəndələri Nikol Paşinyanın Vaşinqtonla yaxınlaşması üçün cəhdlər göstərir, görüşlər təşkil etmək istəyirlər. Senatın qəbul etdiyi həmin akt da bu xəttin davamıdır.
Həmsöhbətimiz düşünür ki, Vaşinqtonun Bakıya münasibətdə təzyiq formasını seçməsi yalnız Qarabağla bağlı olan məsələ deyil:
"Görünür, ABŞ Qarabağ proeblemi adı altında başqa məsələlərdən narazılığını da bu formada ifadə edir. İstisna etmirəm ki, bu, Rusiya ilə olan məsələlərdir. Bakıdan başqa davranış forması tələb olunur. Azərbaycan isə bu məsələdə hər hansı bir kampaniyaya qoşulmaq istəmir. İranla bağlı məsələlər də burada yer ala bilər. Vaşinqton ola bilsin ki, Azərbaycana təzyiq göstərib, Bakını İrandan yolun çəkilməsi fikrindən onu daşındırmaq istəyir.
Ekspertə görə, belə yanaşma sözsüz ki, münasibətlərdə müəyyən məhdudiyyətlərə səbəb olacaq:
"Amma düşünmürəm ki, Qarabağ məsələsinin həllində hansısa əlavə şərait yaratsın. Yaxud da bu hərəkətin Azərbaycanın davranışına ciddi təsirinin olacağını da gözləmirəm. Çünki Bakıdan tələb olunanları Azərbaycan etməyə hazır olduğunu çoxdan söyləyir. Bakı dəfələrlə bildirib ki, tezliklə sülh müqaviləsini imzalamaq niyyətindədir. Bunun üçün ortaya şərtlərini də qoyub. Ona görə də belə bir aktın guya problemin həllinə təsir göstərmək üçün qəbul edildiyini o qədər də ciddi görsənmir”.
Arif Əliyev yaranmış vəziyyətdə Bakının təmkinli davranmalı olduğunu deyib:
"Azərbaycanın ABŞ-la mövcud vəziyyətdə iqtisadi əlaqələri kəsməklə onu fikrindən döndərə bilməz. Çünki ölkəmizin iqtisadi imkan və çəkisi ABŞ-a iqtisadi müharibə etmək səviyyəsində deyil. Azərbaycan kifayət qədər təmkinlə problemi həll edə bilər və etməlidir. Öz haqlı mövqeyimizi israr etməkdə davam etməliyik”.
Qeyd edək ki, ABŞ Senatı "2023-cü il Ermənistan Müdafiə Aktı”nı qəbul edib. Akta əsasən, ABŞ Prezidenti "Azadlığa Dəstək Aktı"na "907-ci düzəliş”in icrasını həyata keçirməkdən imtina etmək hüququndan məhrum edilir. Başqa sözlə, sənəddə Azərbaycana hərbi yardımın qadağan olunması nəzərdə tutulur. Bu addıma cavab olaraq, Bakı da öz növbəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin noyabrın 20-də Vaşinqtonda olacaq görüşündən imtina edib.
Rüfət Sultan
Şərhlər