2025-ci il avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüşdən bir il keçir. Vaşinqtonda baş tutan bu görüş və əldə olunan razılaşmalar ötən bir il ərzində beynəlxalq gündəmin diqqət mərkəzində qalaraq dünya mediasında geniş əks-səda doğurub.
Tarix göstərir ki, hərbi qələbələr siyasi reallıq yaradır, lakin həmin reallığın davamlı beynəlxalq nizamın tərkib hissəsinə çevrilməsi diplomatiyanın uğurundan asılıdır. Son illərdə Cənubi Qafqazda baş verən proseslər də məhz bu həqiqəti təsdiqləyir. II Qarabağ müharibəsindən sonra regionda formalaşan yeni geosiyasi mühit yalnız qüvvələr nisbətini dəyişmədi, həm də beynəlxalq aktorları Cənubi Qafqaza münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur etdi. Bu gün regionun gələcəyini müəyyən edən əsas məsələ artıq keçmiş münaqişə deyil, postmünaqişə dövrünün hansı siyasi və iqtisadi prinsiplər üzərində qurulacağıdır.
Yeni mərhələnin ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan ilk dəfə olaraq regional gündəliyin formalaşmasında həlledici təsirə malik dövlət kimi çıxış edir. Əgər uzun illər regiondakı proseslər əsasən xarici güclərin təşəbbüsləri çərçivəsində müzakirə olunurdusa, indi Bakı öz siyasi təşəbbüsləri, iqtisadi layihələri və diplomatik fəallığı ilə hadisələrin istiqamətinə təsir göstərən əsas aktorlardan birinə çevrilib. Bu, təkcə hərbi-siyasi reallığın nəticəsi deyil, uzun illər ərzində ardıcıl şəkildə həyata keçirilən dövlət strategiyasının məntiqi yekunudur.
Azərbaycanın xarici siyasətinin əsas fərqləndirici xüsusiyyəti praqmatizm və milli maraqların prioritetliyi olub. Dəyişən beynəlxalq şəraitə baxmayaraq, ölkənin strateji xətti sabit qalıb: dövlət suverenliyinin qorunması, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, çoxtərəfli tərəfdaşlığın inkişafı və regionda sabitliyin təşviqi. Bu yanaşma Bakıya müxtəlif güc mərkəzləri ilə münasibətlərini qarşıdurma deyil, qarşılıqlı maraqlar prinsipi əsasında qurmağa imkan verib və onun beynəlxalq etibarlılığını artırıb.
ABŞ ilə münasibətlərin inkişafına da bu prizmadan baxmaq lazımdır. İki ölkə arasında əməkdaşlığın təməli enerji diplomatiyası dövründə formalaşdı. Azərbaycanın zəngin enerji ehtiyatlarının dünya bazarlarına təhlükəsiz marşrutlarla çıxarılması, Bakı-Tiflis- Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi kimi strateji layihələr ölkəni Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevirdi. Bununla yanaşı, terrorizmlə mübarizə, beynəlxalq təhlükəsizlik missiyalarına dəstək və regional sabitliyə töhfə Azərbaycan-ABŞ əməkdaşlığına əlavə strateji məzmun qazandırdı.
Lakin beynəlxalq siyasət daim dəyişən maraqlar sistemidir. ABŞ-ın müxtəlif administrasiyalarının Cənubi Qafqaza yanaşmaları da zaman-zaman fərqlənib və bu, ikitərəfli münasibətlərdə müxtəlif çətinliklər yaradıb. Buna baxmayaraq, geosiyasi reallıqlar uzunmüddətli perspektivdə siyasi konyukturadan daha güclü amil kimi çıxış edir. Bu gün ABŞ üçün Azərbaycan yalnız enerji ixrac edən ölkə deyil, Avropa ilə Asiyanı birləşdirən mühüm logistika qovşağı, Xəzər hövzəsində etibarlı tərəfdaş və Avrasiyanın dəyişən iqtisadi arxitekturasında mühüm mövqeyə malik dövlətdir.
Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra qlobal nəqliyyat və enerji marşrutlarında baş verən dəyişikliklər Azərbaycanın strateji əhəmiyyətini daha da artırdı. Orta Dəhlizin sürətlə inkişaf etməsi, Xəzər hövzəsinin tranzit imkanlarının genişlənməsi və Avropanın enerji mənbələrini şaxələndirmək siyasəti Bakının beynəlxalq çəkisini yüksəltdi. Bu şəraitdə Azərbaycanla əməkdaşlıq artıq təkcə ikitərəfli münasibətlər məsələsi deyil, daha geniş geosiyasi və geoiqtisadi maraqların tərkib hissəsi kimi qiymətləndirilir.
Məhz buna görə də Cənubi Qafqazda formalaşan yeni siyasi düzəni yalnız regional proses kimi qiymətləndirmək doğru olmaz. Burada söhbət Avrasiyanın nəqliyyat xəritəsinin yenidən formalaşmasından, enerji təhlükəsizliyinin yeni modelindən və beynəlxalq münasibətlər sistemində dəyişən prioritetlərdən gedir. Azərbaycanın bu proseslərdə rolu isə müşahidəçi deyil, təşəbbüskar və məsuliyyətli tərəfdaş kimi getdikcə daha aydın görünür. Bu reallıq həm region dövlətlərinin, həm də qlobal güclərin Cənubi Qafqaz siyasətinə yeni məzmun qazandırır və qarşıdakı mərhələdə siyasi proseslərin əsas istiqamətlərini müəyyən edən amillərdən birinə çevrilir.
II Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni siyasi reallıq regionun gələcəyi ilə bağlı əsas sualı ön plana çıxardı. Son beş ildə baş verən proseslər göstərir ki, regionun gələcəyini artıq hərbi qarşıdurma deyil, siyasi iradə, iqtisadi inteqrasiya və kommunikasiya layihələri müəyyənləşdirəcək. Bu mənada Azərbaycanın mövqeyi ardıcıl olaraq bir tezis üzərində qurulub: davamlı sülh yalnız qarşılıqlı şəkildə dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin tanınması əsasında mümkündür.
2020-ci ildə başa çatan müharibə Cənubi Qafqazın siyasi mənzərəsini dəyişdirdi. Onilliklər boyu davam edən status-kvo aradan qalxdı və region yeni mərhələyə qədəm qoydu. Bundan sonra əsas məsələ müharibənin nəticələrini deyil, sülhün hüquqi və siyasi əsaslarını formalaşdırmaq idi. Məhz bu mərhələdə Bakı hərbi ritorikanı deyil, diplomatik gündəliyi ön plana çıxardı və sülh müqaviləsinin hazırlanmasını regional sabitliyin əsas şərti kimi təqdim etdi.
Azərbaycanın rəsmi mövqeyi beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanır. BMT Nizamnaməsi dövlətlərin suveren bərabərliyini, ərazi bütövlüyünü və sərhədlərin toxunulmazlığını beynəlxalq münasibətlərin əsas prinsipləri kimi müəyyən edir. Bakı hesab edir ki, bu prinsiplər regionda uzunmüddətli sabitliyin hüquqi bazasını təşkil etməlidir. Məhz buna görə də sülh prosesinin mərkəzində qarşılıqlı ərazi bütövlüyünün tanınması, gələcəkdə ərazi iddialarından imtina və dövlətlərarası münasibətlərin beynəlxalq hüquq çərçivəsində qurulması dayanır.
Son illərdə aparılan danışıqlar göstərdi ki, hərbi qarşıdurmanın alternativi iqtisadi əməkdaşlıqdır. Regionun bütün dövlətləri açıq kommunikasiyalardan, ticarət marşrutlarından və investisiya imkanlarından faydalana bilər. Bu baxımdan nəqliyyat xətlərinin bərpası təkcə iqtisadi layihə deyil, həm də etimadın qurulması mexanizmidir. Azərbaycanın təşviq etdiyi Şərq–Qərb və Şimal–Cənub marşrutları, həmçinin Trans-Xəzər Orta Dəhlizi yalnız ölkənin deyil, bütövlükdə regionun strateji əhəmiyyətini artırır.
Sülh prosesində beynəlxalq tərəfdaşların rolu da əhəmiyyətlidir. Lakin son illərin təcrübəsi göstərir ki, davamlı nəticə yalnız region dövlətlərinin siyasi iradəsi olduğu halda əldə edilə bilər. Xarici vasitəçilik danışıqları asanlaşdıra bilər, amma sülhün sahibi tərəflərin özləri olmalıdır. Bu baxımdan Bakı dəfələrlə bəyan edib ki, dialoq nəticəyönlü olmalı, siyasi bəyanatlar konkret hüquqi öhdəliklərlə müşayiət edilməlidir.
Azərbaycanın mövqeyinin diqqət çəkən cəhətlərindən biri də regional əməkdaşlıq modelinə üstünlük verməsidir. Son illərdə ölkənin enerji təhlükəsizliyi, nəqliyyat-logistika və yaşıl enerji sahələrində həyata keçirdiyi layihələr göstərir ki, Bakı geosiyasi rəqabətdən daha çox qarşılıqlı faydalı əməkdaşlıq modelini təşviq edir. Bu yanaşma həm Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin inkişafına, həm də Cənubi Qafqazın sabitlik məkanına çevrilməsinə xidmət edə bilər.
Bununla yanaşı, sülh prosesi yalnız siyasi sənədlərin imzalanması ilə yekunlaşmır. Uzunmüddətli sabitlik üçün qarşılıqlı etimadın formalaşması, kommunikasiya kanallarının açılması, iqtisadi əlaqələrin genişlənməsi və humanitar dialoqun inkişafı da mühüm əhəmiyyət daşıyır. Tarix göstərir ki, iqtisadi cəhətdən bir-birinə bağlı olan regionlarda münaqişələrin yenidən alovlanması ehtimalı azalır.
Cənubi Qafqazın gələcəyi hərbi ritorikadan deyil, siyasi realizmdən asılı olacaq. Azərbaycanın rəsmi yanaşması da məhz bu məntiqə söykənir-beynəlxalq hüquqa əsaslanan münasibətlər, açıq kommunikasiya xətləri, iqtisadi inteqrasiya və qarşılıqlı öhdəliklər regionun təhlükəsizliyi üçün ən etibarlı zəmin yarada bilər. Bu baxımdan Bakı özünü yalnız milli maraqlarını müdafiə edən tərəf kimi deyil, eyni zamanda Cənubi Qafqazda uzunmüddətli sabitlik və əməkdaşlıq modelinin tərəfdarı kimi təqdim edir. Bu modelin uğuru isə yalnız bir dövlətin deyil, bütün regionun gələcəyinə təsir göstərəcək.
Siyasət şöbəsi
Şərhlər