Siyasət 14:10 28.10.2022

Vasitəçilər sülh sazişinə mane olur - Politoloq

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına nail olmaq üçün bir deyil, bir neçə dövlət vasitəçilik edir. Vasitəçilərdən biri Rusiyadır. Rusiya tərəflər arasında 10 noyabr bəyannaməsinin müəllifidir. Bunu əsas gətirərək, Moskva hər zaman özünün sülh prosesində də öncül rolda olduğunu göstərməyə çalışır. Lakin bu günə qədər Rusiya sülhün əldə edilməsində irəliləyişə nail olmayıb. Kreml Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ilə Qarabağ məsələsinə ayrı-ayrılıqda baxmağın tərəfdarı kimi çıxış edir. Belə bir yanaşma Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir. 

Digər vasitəçi isə Avropa İttifaqıdır. Burada Fransa ara-sıra erməniləri dəstəkləyən açıqlamalarla çıxış etsə də, qurumun sülhün imzalanması istiqamətində fəaliyyəti daha konstruktiv görünür. Belə ki, oktyabrın 4-də Praqada təşkil olunan görüşdə Aİ daxil, Ermənistan və Azərbaycan ərazilərin 1991-ci ildə qəbul edilmiş sənədə əsasən tanıdıqlarını təsdiqləyiblər.
 
Digər tərəfdən, Aİ tez bir zamanda sülhün bağlanmasında maraqlı görünür. Bunun nəticəsidir ki, bu ilin sonuna qədər sülh müqaviləsinin ortalıqda ola biləcəyi barədə fikirlər son zamanlar geniş vüsət alıb. 



ABŞ-a gəlincə, Dövlət Departamenti rəsmisinin son açıqlaması belə deməyə əsas verir ki, Vaşinqton sülh müqaviləsi ətrafında tərəflər arasında birbaşa dialoqun olmasına daha çox üstünlük verir. Bu isə o anlama gəlir ki, ABŞ açıq formada prosesdə aktiv deyil. Amma bununla belə, o da Aİ-nin təşəbbüslərinə dəstək verir. 

Bundan başqa, İran kimi bir sıra digər ölkələr də var ki, vasitəçi olmağa çalışır. Amma Tehranın bu istəyi alınan deyil. Adətən vasitəçilərin çox olması fonunda onların sülh yaratmaq istədiyi tərəflər arasında razılığın əldə edilməsi də çətin olur. Belə ki, vasitəçilərin də sülh prosesində öz geosiyasi maraqları olur. Vasitəçilərin çox olması fonunda isə onların da maraqlarını çulğalaşdlrmaq, bir-birinə uyğunlaşdırmaq olduqca çətindir. İndiki halda Rusiya ilə Qərbin bir-birinə düşmən mövqedə olduğunu da nəzərə alsaq, fərqli mövqedə dayanan vasitəçilərin sülh prosesində vahid cəbhədən çıxış edəcəkləri real deyil. Hər bir vasitəçi çalışır ki, tərəfləri öz təklif etdiyi sülh variantına meylləndirsin. Bu zaman onları şirnikləndirici təkliflərlə yanaşı, bir sıra hallarda tərəflərə münasibətdə təhdidlərə də yol verirlər. Bu mənada, görünən odur ki, ayrı-ayrı cəbhələrdə fəaliyyət göstərən çoxsaylı vasitəçilərin olmasının sülh prosesinə xeyirdən çox ziyanı ola bilər. 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Qabil Hüseynli də qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh prosesində vasitəçilik edən dövlətlərin sayının çox olması və onların fərqli mövqedən çıxış etməsinin prosesə ziyanı, xeyrindən daha çoxdur:



"Çünki sülh prosesində vasitəçilik edən ölkələrin bir çoxu böyük dövlətlərdir. Böyük dövlətlərin ambissiyası da böyük olur. Onlar da bu kimi proseslərə sülh yaratmaqdan daha çox özlərinin geostrateji maraqlarını təmin etmək baxımından yanaşırlar. Düzdür, bu dövlətlərdən bəziləri prosesə obyektiv yanaşır. Amma böyük hissəsi ermənipərəst mövqe tutur. Başlıcası isə dediyim kimi, hər bir vasitəçi ölkə ilk növbədə öz maraqları kontekstindən yanaşdığından prosesdə sülhə hesablanmış son nəticəyə gəlmək olduqca çətindir”. 

Rüfət Sultan