"Hərbi xidmətə çağırış yaşı 24 olmalıdır”.
Qaynarinfo xəbər verir ki, bu təkliflə vəkil Əkrəm Həsənov çıxış edib. Vəkil bildirib ki, müasir dövrün ciddi problemlərindən biri yeniyetməlik dövrünün daha uzun olmasıdır:
"Get-gedə o, bir tərəfdən, daha tez (10 yaşından) başlayır, digər tərəfdən isə, daha gec (25 yaşınadək) bitir. Fizioloji dəyişikliklər bir tərəfə, ən əsası odur ki, yeniyetməlik dövrü psixoloji cəhətdən qeyri-sabitlik və böhranla müşahidə olunur. Mövcud vəziyyət ilk növbədə ailə institutu üçün böyük təhdiddir. Belə ki, müasir insanların xeyli hissəsi cinsi həyata sələflərindən daha tez başlayır. Erkən nikahları tənqid edənlər isə bu problemə göz yumur. Eyni zamanda bir çoxları nikaha daxil olmağa da tələsmir. Nikaha daxil olanların da xeyli hissəsi boşanır. Bütün bunlar əsasən ona görədir ki, rəsmi yetkinlik yaşının 18 olmasına baxmayaraq, bir qayda olaraq, 25 yaşınadək insan hələ uşaqdır və reallıqda özünü uşaq kimi aparır”.
Əkrəm Həsənov əlavə edib ki, problemin birmənalı həlli yoxdur:
"Əsasən də cinsi həyat və ailə məsələsində. Xüsusilə qanunvericilik baxımdan. Lakin ən azı problemin bir mühüm aspektini hüquqi müstəvidə həll etmək olar. Söhbət hərbi xidmətə çağırış yaşının aşağı həddindən gedir. 18 yaşlı oğlan əksər hallarda uşaqdır. Bu yaş 24 olmalıdır. Buna tədricən keçmək olar. Məsələn, üç mərhələdə: əvvəlcə 20, sonra 22, yekunda 24 yaş. Paralel yuxarı yaş həddini də artırmaq olar. Yəni ordumuz bundan zərər görməyəcək (üstəlik könüllü olaraq 20 yaşı tamam olanlara da hərbi xidmətə getmək imkanı verilə bilər). Əksinə, hərbi xidmətə həqiqi yetkin şəxslər gedəcək. Yəni sözün əsl mənasında vətəndaş olacaqlar. Bəziləri hətta artıq ailəli olacaq”.
Əkrəm Həsənovun fikirincə, belə olarsa, həqiqi təhsilə də maraq artacaq:
"Axı orta məktəbi bitirlənlərin xeyli hissəsi dərhal ali məktəbə daxil ola bilməyib hərbi xidmətə gedib qayıtdıqdan sonra təhsil almağa meyilli olmur. Digər tərəfdən, bəziləri ilk cəhddə istəmədiyi fakültəyə daxil olduqda belə, orada təhsil alır (təbii ki, könülsüz təhsilin bəhrəsi də yoxdur). Çünki hərbi xidmətədək ikinci şansı yoxdur. Yaş həddi artırılsa, hərbi xidmətədək hələ azı 6 dəfə ali məktəbə istədiyi ixtisas üzrə daxil olmaq imkanı olacaq. Deməli, keyfiyyətli kadrların da sayı artacaq”.
Bahar Rüstəmli