"Velosipedlərə dövlət qeydiyyat nişanının verilməsinə heç bir zərurət yoxdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov Milli Məclisin deputatı Nigar Arpadarainin velosipedlərə də dövlət qeydiyyat nişanının verilməsi barədə təklifinə münasibət bildirərkən deyib.
Ekspert bildirib ki, velosipedlərə dövlət qeydiyyat nişanının verilməsi çox tezdir:
"Velosiped, at arabası da nəqliyyat vasitəsidir. Amma qeyri-mexaniki nəqliyyat vasitəsidir. Yol hərəkəti qaydaları baxımından nəqliyyat vasitələri iki qrupa bölünüb. Mühərriki olan və hərəkət sürəti 50 km/saatdan çox olan nəqliyat vasitələri mexaniki nəqliyyat növləri hesab edilir. İnsan və heyvan əzələsilə idarə edilən nəqliyyat vasitələri isə qeyri-mexaniki nəqliyyat vasitələridir.
Hələ heç mopedlərə dövlət qeydiyyat nişanı verə bilməmişik, onun mexanizmini tapmamışıq. Belə olan halda, velosipedlərə dövlət qeydiyyat nişanının verilməsi çox tezdir. Hazırkı vəziyyətdə buna heç bir zərurət yoxdur. Ona zərurətin yaranacağı gələcək isə hələ çox uzaqdadır, üfiqdə belə görünmür.
Azərbaycanda indi əsas vəzifə velosipedi real mobillik vasitəsinə çevirməkdir. Velosiped ekoloji, insan sağlamlığı baxımdan çox səmərəli, faydalı mobil vasitədir. Ona görə də velosipedi populyar nəqliyyat vasitəsinə çevirməliyik”.
Rüfət Sultan
Şərhlər