Xəbər lenti

Venesuela və Paraqvay arasında diplomatik böhran - Qonsales qayıtsa, həbs ediləcək
Dünya 12:14 07.01.2025

Venesuela və Paraqvay arasında diplomatik böhran - Qonsales qayıtsa, həbs ediləcək

Venesuela və Paraqvay arasında Edmundo Qonsales məsələsinə dair fikir ayrılıqları səbəbindən diplomatik əlaqələr rəsmi şəkildə kəsilib.

Qaynarinfo xəbər verir ki, Venesuela daxili işlər və ədliyyə naziri Diosdado Kabelyo İspaniyanın paytaxtı Madriddə yaşayan Qonsalesin Venesuelaya ayaq basdığı anda həbs edilərək məhkəməyə təhvil veriləcəyini bəyan edib.

Paraqvayın 28 iyul 2024-cü il prezident seçkilərinin qalibi kimi Qonsalesi tanıması ilə bağlı verdiyi açıqlamanın ardınca Venesuela bu ölkə ilə diplomatik əlaqələrini kəsmək qərarı aldığını elan edib.

Venesuela və Paraqvayın qarşılıqlı reaksiyaları
 

Venesuela xarici işlər naziri İvan Gil "Telegram" hesabında bu barədə açıqlama verib:

"Venesuela Paraqvayın bəyanatlarını qəti şəkildə rədd edir. Belə hökumətlərin xarici siyasətlərini xarici güclərin maraqlarına tabe etmələri təəssüf doğurur. Biz demokratik prinsipləri və azad xalqların iradəsini baltalayan bu gündəmləri dəstəkləmirik. Venesuela Paraqvayla diplomatik əlaqələri kəsmək və orada akkreditə olunmuş diplomatik heyətini dərhal geri çağırmaq qərarı aldı".

Paraqvay hökuməti isə Venesuela ilə diplomatik əlaqələri kəsdiyini açıqlayıb. Bu qərar çərçivəsində Venesuelanın Asunsiondakı səfiri və diplomatik heyətindən 48 saat ərzində ölkəni tərk etmələri tələb edilib.

Paraqvay prezidenti Santyaqo Pena Qonsaleslə apardığı telefon danışığında onu seçkilərin qalibi kimi gördüklərini ifadə edib və ölkəsinin dəstəyini bildirib.

Qonsalesin həbsi və Kabelyonun bəyanatları
 

Venesuela daxili işlər naziri Kabelyo Qonsalesin Venesuelaya qayıdacağı təqdirdə dərhal həbs ediləcəyini bəyan edib:

"Qonsales Venesuelaya ayaq basan kimi həbs olunacağını və məhkəməyə təhvil veriləcəyini bilir. Biz onu qarşılayacağıq".

Nazir bildirib ki, 28 iyul 2024-cü ildə keçirilən seçkilərin ardından 125 nəfər müxtəlif "terrorçu qəsdlərlə” əlaqədə olduqları iddiası ilə həbs edilib. Kabelyo ölkədə sabitliyin qorunduğunu vurğulayaraq, hər cür təhlükəyə qarşı tədbirlərin hazır olduğunu qeyd edib.

Qonsales isə sosial media hesabında yayımladığı videoda bunları deyib:

"10 yanvar 2025-ci ildə Venesuela xalqının iradəsi ilə baş komandan rolunu öz üzərimə götürməliyəm".

ABŞ-ın reaksiyası
 

ABŞ prezidenti Co Baydenin Qonsalesi "Venesuelanın seçilmiş prezidenti” kimi Ağ Evdə qəbul etməsi Venesuela hökumətinin kəskin reaksiyasına səbəb olub.

Venesuela hökuməti yayımladığı bəyanatda Bayden administrasiyasını beynəlxalq hüququ pozmaqda və Latın Amerikasında imperialist siyasətlərini davam etdirməkdə ittiham edib.

"Bayden administrasiyası, Venesuela xalqının iradəsini gözardı edərək əhəmiyyətsiz siyasi fiqurları süni şəkildə yüksəltməyə çalışır".

Venesuela xarici işlər naziri İvan Gil ABŞ-ın bu mövqeyini qınayaraq, ölkəsinin sabitliyə qarşı yönələn hər cür cəhdə müqavimət göstərəcəyini vurğulayıb.

Seçkilərin nəticələri
 

Venesuela milli seçki şurasının açıqlamasına görə, 28 iyul seçkilərində prezident Nikolas Maduro 51.20 faiz səs toplayaraq üçüncü dəfə qalib gəlib. Müxalifət lideri Edmundo Qonsales və Maria Korina Maçado isə nəticələri qəbul etmədiklərini bəyan ediblər.

Qonsales seçkilərdən sonra həyat yoldaşı ilə birlikdə İspaniyaya gedib və 10 yanvar 2025-ci ildə prezident kimi Venesuelaya qayıtmaq niyyətində olduğunu bildirib.

Venesuela hökuməti isə Maduro hökumətinin legitimliyini bir daha vurğulayıb və onun 10 yanvarda vəzifəyə başlayacağını açıqlayıb.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->