Azərbaycanda vergi amnistiyası elan olun bilər. Ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə bununla bağlı müvafiq qanun layihəsi Milli Məclisə daxil olub.
Layihə sabah Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunacaq. Sənədə əsasən, vergi amnistiyası 2017-ci ilin yanvarın 1-dək vergi borcu olan hüquqi və fiziki şəxslərə şamil olunacaq. Belə ki, qeyd edilən dövrədək vergi borcu olan şəxslər 2017-ci ilin yanvar ayında borcunun 30%-ini, fevral ayında 50%-ini, mart ayında isə 70%-ini ödəyərsə borcun qalıq hissəsi amnistiya olunacaq.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsindən Publika.az-a verilən açıqlamaya əsasən, vergi amnistiyasının verilməsində məqsəd sahibkarlara dəstək olmaqdır: “Məqsəd eyni zamanda sahibkarların maliyyə durumunu yaxşılaşdırmaqdır. Qərar əsasən orta və böyük sahibkarlar üçün əhəmiyyət kəsb edir. Sahibkarların vergi borclarının məbləği doğurdanda böyükdür. Məhz bunun qarşısını almaq məqsədilə 2017-ci ildə belə bir addım atılacaq”.
Məlum olur ki, yanvar, fevral, mart aylarında amnistiyanın şərtlərini yerinə yetirən sahibkarlar və fiziki şəxslər vergi yükündən azad olacaqlar: “Yanvar ayında borcunun 30%-ini ödəyənlər borcun 70 faizindən, fevral ayında borcun 50 faizini ödəyənlər yerdə qalan 50 faizindən, mart ayında borcun 70 faizini ödəyənlər yerdə qalan 30 faizindən azad olunacaqlar”.
O ki, qaldı sahibkarların borclarının məbləğinə, məlum oldu ki, bu rəqəm sabah Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində açıqlanacaq.
Qaynarinfo.Az