
Vergi amnistiyası çərçivəsində səkkiz bankın 713 min manat məbləğində vergi borcu silinib. Bunların sırasında ləğv edilən banklar və fəaliyyətdə olanlar da var. Bundan başqa hökumətin banklara müəyyən güzəştlər etməsinə baxmayaraq, banklar problemli kreditlərlə bağlı vətəndaşlara heç bir güzəşt etmirlər. Bəs yüksək faizlə alınan və getdikcə üzərinə faizlər yüklənərək həcmi artan kreditləri qaytara bilməyən vətəndaşlar nə etməlidir?
Məsələ ilə bağlı Qaynarinfo.Az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bununla bağlı banklar özləri maraqlı olmalıdır, bu, hökumətin verəcəyi qərar deyil.
Natiq Cəfərlinin sözlərinə görə, banklar onsuz da əvvəl-axır müəyyən addımlar atmağa məcbur olacaq:
"Problemli kreditlərin həcmi artır, insanların gəliri azalır. Borcları geri qaytarmaq çətinləşir. Belə olan şəraitdə banklar özləri maraqlı olmalıdır ki, hər hansı stimullaşdırıcı addımlar ataraq, borcların bir hissəsini qaytarmağa nail olsun. Çox təssüf ki banklar hələ də qorxutmaqla məşğuldur. Vətəndaşı məhkəməyə verməklə, hətta həbs təhlüksi ilə qorxudaraq borcları geri qaytarmağı düşünür. Bu da normal yol deyil. Çünki nəticə verməyəcək. On minlərlə insanı qorxutmaqla nəyəsə nail olmaq olmaz".
Ekspertin fikrincə banklar faiz dərəcələrinin silinməsində, cərimələrin silinməsində maraqlı olmalıdır ki, heç olmasa ana məbləği geri qaytarsınlar:
"İndiki şəraitdə həm faizlər yüksəkdir, həm də yüksək sürətlə faizlərin məbləği artır. Borc şişir, amma ortalıqda heç nə yoxdur. Çünki vətəndaşın ödəməyə imkanları məhduddur".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az