XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Vergi ödəməmək üçün 44 illik sevgilisi ilə evlənəcək (FOTO)
Maqazin13:38 19.08.2026

Vergi ödəməmək üçün 44 illik sevgilisi ilə evlənəcək (FOTO)

65 yaşlı Rikki Cerveys 44 ildir birlikdə olduğu Ceyn Fallonla evlənəcəyini açıqlayıb. Uzun illər evliliyə qarşı çıxan məşhur komediya aktyoru bu qərarın yeganə səbəbinin miras vergisindən yayınmaq olduğunu bildirib.

Qaynarinfo xəbər verir ki, təxminən 141 milyon funt-sterlinq sərvəti olan Cerveys mart ayında süd vəzi xərçəngi diaqnozu qoyulan yazıçı və sevgilisi Ceyn Fallonla evlənmək planlarından “Saga” jurnalına danışıb.

Onun evlənmək qərarının vergi ilə bağlı olub-olmadığı soruşulduqda Cerveys belə cavab verib: “Bəli, evlənməyimin səbəbi bu olacaq. Hələ evlənməmişik. Amma vergi səbəbindən evlənəcəyik”.

İşləri mümkün qədər tez rəsmiləşdirməli ola biləcəyini etiraf edən Cerveys təəccübünü belə ifadə edib: “Bu, dəlilikdir. Daha necə evli olmaq olar? Bütün pulumuzu paylaşırıq, 40 ildir birlikdə yaşayırıq. Bəzi evliliklər bir il belə davam etmir. Dəhşətli deyilmi? Ölməzdən əvvəl evlənməliyəm”.

Vergi qaydaları evliliyi zəruri edir

Cütlüyün yaşadığı İngiltərənin qanunvericiliyinə əsasən, evli olmayan cütlüklər mirasın sağ qalan tərəfdaşa vergidən azad şəkildə keçməsinə imkan verən ər-arvad güzəştindən avtomatik yararlana bilmirlər. Evliliklə yanaşı, münasibətlərini dövlət qeydiyyatına alaraq “mülki tərəfdaşlıq” statusu əldə edənlər də bu güzəştdən yararlana bilirlər.

Evlilik olmadan isə adətən vergidən azad həddi aşan mirasın 40 faizi vergi tutulan məbləğə çevrilə bilər. Bu isə milyonlarla funt sterlinq dəyərində əmlaka sahib Cerveys üçün ciddi maliyyə itkisi deməkdir.

Cerveysin Şimali Londonun Hampsted rayonunda 14,75 milyon funt sterlinq dəyərində doqquz yataq otaqlı malikanəsi, Nyu-Yorkda iki mənzili və Bukingemşirin Marlou şəhərində çay kənarında yerləşən evi var. O, bu yaxınlarda həmin ərazidə 5 milyon funt sterlinq dəyərində malikanə tikmək üçün icazə də alıb.

44 illik münasibət

Rikki Cerveys və Ceyn Fallon 1982-ci ildə London Universitet Kollecində oxuyarkən tanış olublar. İki il sonra onlar Kinqs-Krossda Cerveysin “köhnə sauna” adlandırdığı məkanın üstündə yerləşən mənzilə köçüblər.

Cütlük münasibətlərinin ilk günlərindən evlənməməyə və uşaq sahibi olmamağa qərar verib. Fallon sonrakı illərdə toy və analıq barədə heç vaxt xəyal qurmadığını bildirib.

Məşhur yazıçı bu barədə deyib: “İt sahiblənməyi düşünərdim. Xəyallarım həmişə işim və həyatımla bağlı olub. Yaşayacağım mənzili və buna bənzər şeyləri düşünərdim. Amma heç vaxt bu cür romantik şeylərə maraq göstərməmişəm”.

Cerveys də daha əvvəl Fallonla “hər baxımdan” artıq evli olduqlarını söyləyərək belə demişdi: “Bizimki kimi "saxta" evliliklər gerçək evliliklərdən daha uzun sürür”.

Bu ilin əvvəlində Fallonun rutin mammoqrafiya müayinəsi zamanı süd vəzi xərçənginə tutulduğu müəyyən edilib. Xəstəlik erkən mərhələdə aşkarlanıb.

Aydın