Xəbər lenti

Vətəndaş cəmiyyəti, hüquqi dövlət: Cümhuriyyətdən başlayan yol...
Siyasət08:50 07.01.2023

Vətəndaş cəmiyyəti, hüquqi dövlət: Cümhuriyyətdən başlayan yol...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
(Yazı "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" mövzusu üzrə hazırlanıb)
"Vətəndaş cəmiyyəti" termini 18-ci əsrdən başlayaraq indiki mənada istifadə edilib. Çünki bu dövrdən başlayaraq vətəndaş cəmiyyəti sosial cəmiyyətin inkişafında daha yüksək pillə hesab edilməyə başlanılıb.
Hələ o dövrdə vətəndaş cəmiyyətinin yaradılmasında başlıca məqsəd insanların təhkimçilikdən azad edilməsi, onların dövlətin təəbəsindən şəxsi ləyaqət hisslərinə malik olan təsərrüfat və siyasi məsuliyyət götürməyə hazır vətəndaş - mülkiyyətçilərə çevrilməsinə şərait yaratmaq idi. Bu anlayış altında tarixi təcrübə ilə əldə edilmiş, müəyyən meyarlara cavab verən cəmiyyət başa düşülsə də, sonralar da cəmiyyətlə dövlət arasında prinsipial fərqlər göstərilmədi. Buna görə də onları ayırmaq elə də asan deyildi. Çünki dövlət cəmiyyətin təşkilat forması hesab edilirdi.
Lakin müasir dövrün də ən çox işlədilən sözlərindən biri də "vətəndaş cəmiyyəti” ifadəsi oldu. Dövlətlər bilavasitə vətəndaş cəmiyyəti qurub onu inkişaf etdirməkdə maraqlı oldular. Vətəndaş cəmiyyəti quruculuğu deyiləndə həm də demokratik dəyərlərin mövcudluğu başa düşülürdü. Çünki dövlətlər anlayırdı ki, samlam şəraitdə və sağlam şəkildə təşki edilmiş vətəndaş cəmiyyəti həm də dövlətin gücünün, inkişafının bir nümunəsi ola bilər.
İnkişaf etmiş ölkələrdə bütün bunları nəzərə alaraq vətəndaş cəmiyyətini dövlət və kommersiya fəaliyyətinə nisbətən müstəqil olan ayrı-ayrı fərdlərin və qrupların öz maraqları, dəyərləri naminə əməkdaşlıq etdiyi ictimai sfera olaraq müəyyənləşdirməyə başlanıldı.
Bunlar həm də dövlətdən ayrı, müstəqil ola bilsin deyə vətəndaş cəmiyyəti adı altında münasibətlərin - başlıca olaraq əmlak, bazar, ailə, əxlaqi münasibətlərin xüsusi sferasına ayrılmağa başlanıldı.
Burada söhbət hakimiyyətin şəxsiyyətin "vətəndaş işinə", insanların şəxsi həyatına qarışmamasından gedirdi. Ona görə də vətəndaş cəmiyyətinin struktur elementlərini cəmiyyətin sferaları belə qruplaşdırıldı.
İqtisadi sfera - Bura vətəndaş cəmiyyətinin struktur elementlərini vətəndaşların öz şəxsi təşəbbüskarlıqları ilə yaratdıqları qeyri-dövlət müəssisələri, korperativlər, icarə kollektivləri, birliklər, aksioner təşkilatları, korporasiyalar və vətəndaşların digər könüllü birliklər daxil idi.
Vətəndaş cəmiyyətinin sosial-siyasi sferası - Bu sferanı ailə, ictimai, ictimai-siyasi, siyasi təşkilatlar və hərəkatlar, yaşayış yeri və ya əmək və başqa kollektivlərlə əlaqədar ictimai özünü idarəetmə orqanları kimi elementlər təşkil edir. 
İctimai fikrin formalaşması və ifadə edilməsi mexanizmlərinin üzə çıxarılması və həmçinin sosial konfliktlərin həlli: Qeyri-dövlət, müstəqil kütləvi informasiya vasitələri - Bu sferada cəmiyyətdə formalaşan maraqların konstitusiya və dövlət qanunları çərçivəsində institusional formaya salınması və qeyri-zorakı, sivil formada ifadə edilməsi təcrübəsi formalaşır. 
Vətəndaş cəmiyyətinin mənəvi sferası - Söz, fikir azadlığı, öz mövqeyini açıq ifadə etmək imkanı, yaradıcı, elmi və digər öz fəaliyyət birliklərinin dövlət və siyasi strukturlardan asılı olmaması və müstəqilliyi bura daxildir.
Bütün bunlardan sonra həm də vətəndaş cəmiyyətinin prinsipləri formalaşmağa başladı. Hər dövlətdə bu prinsiplər fərqli olsa da, ümumi müddəalardan qaçmaq bir az çətin idi. Çünki vətəndaş cəmiyyətinin prinsip və tələbləri həm də onun ictimai marağını sərgiləyirdi. 
Ona görə də bu prinsiplər aşağıdakı kimi qruplaşdırıldı:
1. İqtisadi azadlıq, müxtəlif mülkiyyət formaları, bazar münasibətləri;
2. İnsan və vətəndaşların təbii hüquqlarının qeyd-şərtsiz tanınması və qorunması;
3. Qanun və ədalət qarşısında hamının bərabərliyi və şəxsiyyətin etibarlı hüquqi müdafiəsi;
4. Hakimiyyətin legitimliyi və demokratik xarakteri;
5. Hakimiyyətin bölünməsi və qarşılıqlı fəaliyyətinə əsaslanan hüquqi dövlət; 
6. Siyasi və ideoloji plüralizm, leqal müxalifətin mövcudluğu;
7. KİV-nin müstəqilliyi, fikir, söz, mətbuat azadlığı;
8. Dövlətin vətəndaşların şəxsi həyatlarına qarışmaması, onların qarşılıqlı vəzifələri və öhtəlikləri;
9. Sinfi sülh, əməkdaşlıq və milli barışıq;
10. İnsanların layiqli həyat şəraitini təmin edən effektli sosial siyasət.
Vətəndaş cəmiyyəti insanların siyasi marağından daha çox iqtisadi və şəxsi həyat fəaliyyəti inkişaf edir, qorunmasına xidmət edir.  Vətəndaş cəmiyyətinin formalaşması onun həyatının və fəaliyyətinin bir çox tərəflərini dövlətsizləşdirməyi nəzərdə tutur. Lakin bu o demək deyil ki, onun dövlətə ehtiyacı yoxdur. Sadəcə olaraq burada dövlət öz yerini tapmalı və tutmalı, bütün problemlərin həllində totalitar nəzarətdən və cavabdehlikdən əl çəkməli və yalnız o istiqamətə yönəlməlidir ki, orada onun iştirakı qaçılmaz olsun. Xüsusən müdafiə, qanunvericilik, ekologiya, xarici siyasət, büdcə, rabitə, nəqliyyat, vətəndaşların hüquqlarının müdafiəsi sahəsində.
Azərbaycan Respublikası da hələ Cümhuriyyət dövründən başlayaraq bu prinsipləri əsas götürərək, vətəndaş cəmiyyətini formalaşdırmağa, ona hüquqi azadlıq verməyə başladı. 
Bunun bariz nümunəsi kimi Azərbaycan Xalq Demokratik Cümuhuriyyətinin müsəlman şərqində ilk dəfə olaraq qadınlarla kişilərin hüquqlarının bərabərləşdirilməsini, bütün vətəndaşlar üçün bərabər hüquqlar təmin olunmasını göstərmək olar.
Ancaq daha sonra Azərbaycanın da SSRİ-nin tərkibinə daxil edilməsi, yenidən müstəqilliyimizin elan edilməsinə qədər bu prosesi bir xeyli ləngitdi.
Lakin Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu seçərək bu istiqamətdə ardıcıl olaraq işlər görməyə başladı.
Müstəqilliyimizin yenidən elan edilməsindən çox qısa bir müddət keçməsinə baxmayaraq, cəmiyyətimizin bütün sahələrini əhatə edən hüquqi islahatlar vətəndaş cəmiyyətinin də sürətlə inkişafında böyük rol oynayır. Çoxsaylı beynəlxalq konvensiyalara qoşulan Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması uğurla həyata keçirilib, qanunvericilik davamlı olaraq təkmilləşdirilib. 1998-ci il iyunun 18-də Przident Heydər Əliyev tərəfindən İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı təsdiq edilib. Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncam ilə isə həmin Dövlət Proqramının qəbul olunduğu gün, iyunun 18-i Azərbaycan Respublikasının İnsan Hüquqları Günü elan edilib.
Ümumiyyətlə Azərbaycanda vətəndaş cəmiyyəti və onun hüquq və prinsiplərinin qorunması həm də Azərbaycan Respublikasının Konstitusiyasının əsas müddəa və prinsiplərini əhatə edir.  Ölkə Konstitusiyasına referendum yolu ilə edilən dəyişikliklərdə də bu faktor daim prioritet olub. 2016-cı ilin 26 sentyabrında Konstitusiyaya edilən dəyişikliklərlə bağlı keçirilən referendumda da insan hüquqları təminatının gücləndirilməsinə xüsusi yer verilib.
Günay İlqarqızı
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.