
Elkin Xəlilov
Bir neçə gün bundan öncə ölkədə daha bir gənc - Ömər Məmmədov günahsız yerə 5 il həbs cəzası aldı.
Ömərin cəmi 21 yaşı var. Kiprdə təhsil alırdı. Ölkənin gələcəyi üçün əhəmiyyətli gənclərdəndir. Savadı, dünyagörüşü, cəsarəti ilə hər mənada bu ölkə üçün lazımdır. Öz yolunu tutmuş, bəşəri dəyərləri yaşadan və təbliğ edən ölkələrdə Ömər kimi gənclərin yetişməsinə yüzminlər xərclənir. Çünki onlar da bilirlər ki, sabah bu ölkənin taleyi, onun gələcəyi məhz bu gənclərə tapşırılacaq.
Amma nə qədər gülünc səslənsə də, bizim ölkədə bir az fərqli danışan, yazan, tənqid edən gəncləri Kürdəxanı və Şüvəlan həbsxalanalarına göndərirlər. Sonra da düşürlər adamın üstünə ki, əfv ərizəsi yaz, bizə yalvar, özünü sındır səni bağışlayaq.
Mən durub burda həmin adamlara ləyaqət, vicdan dərsi açası deyiləm. Seymur Baycan demişkən, bu adamlar özlərini ən vicdanlı, ləyaqətli adam hesab edirlər. Onlar etdikləri hərəkətlərdən zövq alırlar, sanki həqiqət olanı ediblər…
Mən bu adamları məhkəmdə görmüşəm. Günahsız adamlara 5 ildən 8 ilə kimi həbs cəzası oxuyurlar, heç tükləri belə tərpənmir. Amma kimsə məhkəmədə öskürürsə onu məhkəməyə hörmət etməməkdə günahlandırıb çölə çıxarırlar. Arqumentləri də bu olur ki, siz Azərbaycan hökümətinin qanunlarına, onun atributlarına hörmət etmirsiniz.
Di, gəl bundan sonra, yaşa bu ölkədə, görüm necə yaşayırsan. 21-ci əsrdə bu qədər paradoksal ölkə yəqin ki dünyanın heç harasında yoxdur.
Ömər son sözünü oxuyanda necə özünü qururlu aparırdısa, hakim ona hökm oxuyanda da bir o qədər soyuqqanlı davrandı. Bu yaşda gəncin özünü bu qədər soyuqqanlı aparması adamı üşüdürdü. Bu cəsarətdə olmaq, hadisələri izləmək, onu açıq beyinlə analiz etmək, olacaqlara hazır olmaq hər adam üçün asan deyil.
"İnsan üçün onun vicdan məhkəməsi ən önəmli olandır. Orada nə üzəduran şahid var, nə qondarma cinayət işi, nə də sizlər kimi saxta hakimlərə ehtiyac duyulur. Mən vicdanım qarşısında təmizəm və bu mənə yetir".
Bu sözlər nə Dostoyevskinin, nə Hüqonun, nə də Kamyunun əsərlərindən deyil. Bu söz Ömərin məhkəmədə dediyi son sözdən bir parçadır.
Bəli, Ömərin dediyi kimi əsas insanın vicdanıdır. İdeyalı, prinsipləri olan insan vicdanı qarşısında təmiz olarkən ona heç bir böhtan yapışmır.
P.S. Bu yazı əslində Ömər həbs olunan gün yazılıb, sadəcə bəzi səbəblərdən yubandı. Amma düşünürəm ki, məşhur deyimdə olduğu kimi vicdan yazıları heç vaxt köhnəlmir.