Ekonomiks 11:50 02.07.2022

Vidadi Muradovun evində 800 min manatlıq təmir işi aparan şirkət rəhbəri 4.2 milyon uddu

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesində ifadə verən şirkət direktoru 4.2 milyonluq tenderi udub. 

Qaynarinfo-nun məlumatına görə, "EL-SEYM İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti qanuni təmsilçi Yaşar Ələkbərov Qida Təhlükəsizliyi Agentliyi ilə müqavilə imzalayıb. 

Müqaviləyə əsasən, agentlik "Qazax rayonu Qırmızı Körpü qida təhlükəsizliyinə nəzarət keçid məntəqəsinin tikintisi işləri"nin satın alınması üçün "EL-SEYM İnşaat”a 4 milyon 268 min 884 manat 6 qəpik vəsait ödəyəcək. 
 


Qeyd edək ki, 2019-cu ilə kimi "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin bir sıra obyektləri "EL-SEYM İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tikilib. 

Xatıradaq ki, Vidadi Muradovun həbsindən sonra şahid qismində şirkətin icraçı direktoru Yaşar Ələkbərov dindirilib. O deyib ki, Vidadi Muradovun Həsən Əliyev küçəsində yerləşən evində təmir işləri aparıblar və buna görə də 800 min manatdan artıq vəsait xərclənib. Həmin vaxt şirkətin qanuni təmsilçisi və təsisçisi Nizami Həsənov Yadulla oğlu olub.

Əhməd