Macarıstanın baş naziri Viktor Orban Ukrayna əks-hücumuna başlamazdan əvvəl Ukrayna ilə Rusiya arasında atəşkəs və sülh danışıqlarının aparılmasına çağırıb.
Qaynarinfo "Telex"ə istinadən xəbər verir ki, bu barədə o, cümə günü dövlət radiosuna müsahibəsində
bildirib.
Orban bildirib ki, ukraynalılar əks-hücum hazırlayır, bu, "ukraynalıların işidir”.
Amma onun sözlərinə görə, "il yarım hərbi təcrübəsi olan adam” kimi "çox yaxşı bilir” ki, hücum edən tərəf müdafiə olunandan üç dəfə çox itki verir.
"Əhalisi qarşı tərəfin əhalisinin kiçik bir hissəsini təşkil edən bir ölkədə isə belə şəraitdə böyük hərbi hücuma keçmək qırğın deməkdir. Biz əks-hücuma başlamazdan əvvəl belə mümkün olan hər şeyi etməliyik ki, tərəfləri bunun zəruriliyinə inandıraq. Atəşkəs və sülh danışıqları üçün”, Macarıstan hökumətinin başçısı bildirib.
Bundan əlavə, Orban ənənəvi olaraq Aİ-də sülh tərəfdarı olan yeganə baş nazir olmağın onun üçün çətin olduğundan şikayətlənib, lakin o, "əgər macarsınızsa, doğru olanı müdafiə etməlisiniz” deyib.
Orban onu da bildirib ki, o, hakimiyyətdə olduğu müddətdə Macarıstan Rusiya ilə müharibə etməyəcək.
Daha əvvəl "Bloomberg"ə müsahibəsində Orban bildirib ki, Ukrayna Rusiyanın ona qarşı başlatdığı müharibədə qalib gəlmək iqtidarında deyil.
Nizami Bağırov
Şərhlər