2026-cı ilin noyabrında NASA-nın "Voyager-1” kosmik zondu insan tərəfindən yaradılmış heç bir aparatın çatmadığı bir həddi keçəcək: radio siqnalın işıq sürətilə gedərək aparata çatmasının tam 24 saat çəkəcəyi məsafə. Bu o deməkdir ki, Yer kürəsində mühəndislər bazar ertəsi "Voyager-1”ə "sabahın xeyir” komandası göndərsələr, cavabı yalnız çərşənbə günü alacaqlar. Zond isə 1977-ci ildə Kanaveral burnundan buraxıldıqdan təxminən 49 il sonra hələ də işləməyə davam edir.
Qaynarinfo bu barədə "Space Daily"ə istinadən xəbər verir.
"Voyager-1” bütün göstəricilərə görə insanlığın ən uzunömürlü və ən uğurlu dərin kosmos missiyasıdır. O, 5 sentyabr 1977-ci ildə "Titan-IIIE/Centaur” raketi ilə orbitə çıxarılıb və ilkin plan üzrə Yupiter və Saturunun tədqiqi üçün dörd illik missiya kimi nəzərdə tutulub.
Bu proqram 1980-ci ilin noyabrında, zondun Saturun yanından keçməsi ilə başa çatıb. Lakin aparat daha sonra da fəaliyyətini davam etdirərək artıq onilliklərdir ki, Yerlə əlaqə saxlayır.
Gözlənilməz şəkildə uzanan bu missiya "Voyager-1”i bəşəriyyətin ən uzaq texnoloji layihəsinə çevirib. 2026-cı ilin noyabrında o, təxminən 25,9 milyard kilometr məsafəyə çatacaq və bu zaman onunla Yer arasındakı siqnal gecikməsi 24 saat olacaq.
NASA-nın Reaktiv Hərəkət Laboratoriyasından (JPL) layihə meneceri Süzi Dodd vəziyyəti belə izah edib: "Əgər bazar ertəsi saat 08:00-da ‘Voyager-1’ə ‘sabahın xeyir’ əmri göndərsəm, cavabı çərşənbə günü səhər saat 08:00-da alaram".
Bu mərhələdə Yer və aparat arasında tam rabitə dövrü 48 saata qədər uzanır: bir komanda göndərilir və nəticə iki gün sonra alınır.
Missiyanın ilk illərində məsafə kilometrlərlə ölçülürdü. Daha sonra milyardlarla kilometr, AU (astronomik vahid) və nəhayət işıq saatları ilə ifadə olunmağa başladı. İndi isə ölçü vahidi işıq günləridir. Bu, praktiki olaraq o deməkdir ki, aparatla əlaqə artıq real vaxtda deyil, gecikmə ilə idarə olunur.
"Voyager-1” saatda təxminən 61 000 km sürətlə hərəkət edir (təxminən saniyədə 17 km). Bu, insan üçün böyük rəqəm olsa da, işıq sürəti ilə müqayisədə çox kiçikdir. O, ildə təxminən 3,5 astronomik vahid məsafə qət edir.
Hazırkı trayektoriyaya görə zondun Proksima Sentavraya çatması təxminən 73 000 il çəkərdi. Lakin "Voyager-1” həmin ulduza doğru yönəlməyib. O, Zmeyoçuşe (Ophiuchus) bürcü istiqamətində hərəkət edir və təxminən 40 000 ildən sonra Gliese 445 ulduzundan 1,6 işıq ili məsafədən keçəcək.
Alimlərin fikrincə, "Voyager-1” uzunmüddətli perspektivdə insan sivilizasiyasının ən davamlı artefaktlarından biri olacaq.
Tom’s Hardware analizinə görə, 1977-ci ildə 11 elmi cihazla buraxılan "Voyager-1”in hazırda yalnız 4 cihazı işlək vəziyyətdədir. Onun enerji mənbəyi olan plutonium-238 əsaslı radioizotop termoelektrik generatorlar əvvəl 470 vatt enerji istehsal edirdisə, indi bu göstərici təxminən 250 vattdır və hər il azalır.
1990-cı illərin sonundan etibarən enerji qənaəti üçün bəzi cihazlar və qızdırıcılar söndürülür. Bu isə risklidir: ya enerji qənaət olunur, ya da kritik hissələrin donması təhlükəsi yaranır (−270°C-yə yaxın temperaturda).
Son illərdə bir sıra texniki problemlər də qeydə alınıb. 2022-ci ildə orientasiya sistemi səhv məlumat ötürməyə başlayıb və problem aylarla Yerdən göndərilən əmrlərlə aradan qaldırılıb.
2023-cü ildə isə aparat tamamilə oxunaqlı elmi məlumat göndərməyi dayandırıb. Sonradan əsas səbəb kimi bort kompüterlərindən birində nasaz yaddaş çipi aşkar edilib və sistem alternativ rejimə keçirilib.
NASA-nın hazırkı proqnozlarına görə, "Voyager-1”in fəaliyyəti 2030-cu illərin əvvəlində başa çata bilər. Enerji səviyyəsi kritik həddən aşağı düşdükdə cihazlar söndürüləcək. Lakin aparat özü yox olmayacaq. O, saatda 61 000 km sürətlə sonsuz kosmosda hərəkət etməyə davam edəcək.
Onun üzərindəki "Qızıl plastinka” – Karl Saqan rəhbərliyi ilə hazırlanmış və müxtəlif dillərdə salamlar, musiqilər və Yer haqqında məlumatlar daşıyan disk – milyardlarla il kosmosda qalacaq.
"Voyager-1”in 2026-cı ildə keçəcəyi 24 saatlıq işıq məsafəsi böyük kosmik hadisə olmasa da, insan texnologiyasının miqyasını göstərən simvolik bir mərhələ kimi qiymətləndirilir. "Voyager-2” də hazırda təxminən 19,5 işıq saatı məsafədədir və oxşar şəkildə uzaqlaşmağa davam edir.
Aydın
Şərhlər