Siyasət 11:20 24.11.2022

Vuçiçin İlham Əliyevi şəxsən qarşılaması və yola salması nədən xəbər verir?

"Strateji münasibətlərimizin son illər daha da inkişaf etdiyi Serbiya ilə ticarət dövriyyəmiz son 4 ildə 2 dəfəyə yaxın artaraq 9.2 milyon dollara yüksəlib”. 

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Prezident İlham Əliyevin Serbiyaya olan rəsmi səfərini şərh edərkən deyib. O bildirib ki, dövlət başçısı Serbiya Prezidenti Aleksandar Vuçiçin şəxsən qarşılaması və yola salması da məhz bu diqqətin xüsusi nümunəsi kimi xarakterizə olunmalıdır:

"Azərbaycan ilə Serbiya arasında iqtisadi əlaqələrin yalnız enerji deyil, eyni zamanda qeyri-neft sektoru üzrə inkişaf etməsi potensialı kifayət qədər böyükdür. Bu baxımdan, səfər zamanı keçirilən görüşlər, müzakirələr və razılaşmalar da məhz bu potensialdan daha yaxından istifadəyə imkan yaradacaq. Bu baxımdan, Prezidentin son səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək. Serbiya ilə Azərbaycan arasında mavi qaz nəqli sahəsində də əməkdaşlığın inkişaf edəcəyi gözlənilir”.
 


Deputat bildirib ki, Yunanıstan-Bolqarıstan İnternkonnektoru istifadəyə verildikdən sonra Serbiyanın Azərbaycan qazını idxal etmək imkanları genişlənib:

"Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşması mümkün olan Cənubi Qaz Dəhlizinin yeni elementinə çevrilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorundan (IGB) mavi qaz ala biləcəklərdən ölkələrdən biri də məhz Serbiyadır. İGB-nin ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,5 milyard kubmetrdək artırılması isə Macarıstan, Serbiya, Slovakiya, Ruminiya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər”. 

Vüqar Bayramov qeyd edib ki, Azərbaycanın Mərkəzi və Şərqi Avropanin enerji təhlükəsizliyinin formalaşmasındakı rolu daha da artır:

"Bu Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir”.

Bahar Rüstəmli