ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris Rusiyanın Ukraynaya müdaxiləsi ərəfəsində Ukrayna lideri Volodimir Zelenskidən "əsir götürüləcəyi və ya öldürüləcəyi” halda "varislik planı” hazırlamasını tələb edib.
Qaynarinfo "The Washington Post”a istinadən xəbər verir ki, bu barədə Pulitzer mükafatı laureatı jurnalist Bob Vudvordun "Müharibə” adlı yeni kitabında
deyilir.
Vudvordun sözlərinə görə, Harris 2022-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransında Zelenski ilə bu mövzuda söhbət edib. Eyni zamanda, jurnalistin yazdığı kimi, ABŞ-ın hazırkı prezidenti Co Bayden administrasiyası üçün Rusiya prezidenti Vladimir Putinin işğala qərar verəcəyinə inanmaq asan olmayıb. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Baydenə gözlənilən təcavüzlə bağlı Amerika kəşfiyyat məlumatlarını təqdim edərkən, Amerika prezidenti bunu "dəlilik” adlandırıb. "Aman Tanrım, indi Ukraynanı işğal edən Rusiya ilə məşğul olmalıyam?" - Baydenin dediyi iddia edilir.
Bundan əvvəl "Time” jurnalı yazıb ki, Harris Ukraynada hərbi əməliyyatların başlamasından bir həftə əvvəl Zelenskiyə silah verməkdən və Rusiyaya qarşı qabaqlayıcı sanksiyalar tətbiq etməkdən imtina edib. Nəşrin yazdığına görə, siyasətçilərin Münhen Konfransındakı görüşü onların "heç vaxt xüsusilə isti olmayan” gələcək münasibətlərinin tonunu müəyyən edib.
Nizami Bağırov
Şərhlər