"40 yaşında rəqqası işindən çıxarırıqsa, onları təqaüdlə təmin etməliyik".
Bunu Qaynarinfo-ya Xalq artisti, rəqqasə Təranə Muradova xoreoqrafların təqaüdə çıxma yaşının aşağı salınması ilə bağlı təklifə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Dövlət Rəqs Ansambılında 70 nəfərdən çox rəqqas işləyir:
"İl ərzində xoreoqrafiyadan buraxılan tələbələr dövlət rəqs kollektivlərində işləməlidirlər. Solistlər, Xalq artistləri hardasa 45-50 yaşına kimi oynaya bilərlər, amma sadə rəqqas sabah Dövlət Rəqs Ansamblından çıxandan sonra onu təqaüdə göndərmək çox vacibdir. Nəyə görə? Çünki işləməyən bir adam necə və nəylə dolanmalıdır? Onlar harada işləsinlər? Biz niyə bu məsələdə 40 yaşı götürdük? İnsanın o yaşa kimi görkəmi yerində olur”.
Təranə Muradova qeyd edib ki, sözügedən məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət edilib:
"Bu məsələ ilə bağlı dəfərələ aidiyyatı qurumlara məktub yazmışam, məsələ qaldırmışam. Xoreoqrafiya sənətinin inkişaf etdirmək üçün mütləq rəqqas 40 yaşında səhnədən getməli və gedəndən sonra dövlət onu təqaüdlə təmin etməlidir. 65 yaşına kimi nə yeyib nə içəcək? Bu qərar əslində 20 il öncə qüvvədə olub. Amma onu iki il yerinə yetiriblər və sonra qərarı qüvvədən salıblar. Biz bilmədik ki, bunu kim edib. Bu sənət canlı və çətinidr. Hamı Prezident təqaüdü, Prezident mükafatı ala bilməz, heç bu mümkün də deyil. Ona görə də 40 yaşında səhnədən gedən insanın bir təminatı olmalıdır. Biz bu problemləri Musiqi Forumunda qaldırdıq. Ümid edirik bu məsələyə baxacaqlar”.
Xalq artisti hesab edir ki, sənət və musiqinin inkişafında bu forumun rolu böyükdür.
Bundan əvvəl Bakı Xoreoqrafiya Akademiyasının rektor əvəzi, Əməkdar artist Nailə Məmmədzadə Musiqi Forumunda çıxışında bildirib ki, fiziki olaraq səhnədə qalmaq maksimum 40 yaşa qədər mümkündür. O, bildirib ki, mövcud qanunvericiliyə görə isə təqaüdə çıxma yaşı 60-dan yuxarıdır. Bu səbəbdən təklif edib ki, xoreoqrafların təqaüd yaşı aşağı salınsın.
Bahar Rüstəmli