
FİKRƏT SADIĞI ANIM
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Fikrət Sadıq haqqında vaxtilə-2006-cı ildə “Ədəbiyyat” qəzetində bir məqalə ilə çıxış etmişdim. Bu ədəbi-tənqidi yazıya xüsusi qiymət verdiyi üçün “Halbuki” adlanan irihəcmli kitabına da daxil etmişdi. Ancaq bu şəxsiyyət haqqında nəinki bir məqalə, bir neçə kitab və resenziyalar yazılsa da, dissertasiyalar müdafiə olunsa da, demək olar ki, heç nə deyilməmişdir. O sıradan mən də heç nə deyə bilmədiyimin fərqindəyəm. Aydındır ki, bir neçə cümlədə bu qiymətli sənətkara qiymət verə bilmək isə, demək olar ki, imkan xaricindədir. Ancaq ürəkdən gələn sözün də məni bir az təskin edəcəyi həvəsi ilə onun haqqında kiçik mülahizə söyləmək istəyirəm.
Mənim taleyim elə gətirib ki, bu dəyərli insanı həm ədəbiyyat xadimi, həmçinin bir şəxsiyyət kimi yaxından tanımışam. Aramızdakı ərəbalıq bizi yaxınlaşdırsa da, eyni istiqamətdə olan baxışlarımız bizi bir-birimizə daha da sıx mənəvi tellərlə bağlamışdı. Uşaqlıqda qohumlar arasında bir çox yaşıdlarım ona “Fikrət əmi” deyərdilər. Mən isə qarşımdakı cismən və mənən azman insana “Fikrət Sadıq” deyərdim. Bu onun çox xoşuna gələrdi. Həyatda onun qədər sözə bağlı, söz içində söz quran, yanında söz danışmaq çətin olan ikinci bir insana rast gəlməmişəm. Qismət elə gətirib ki, elm sahəsində çalışdığım üçün bir çox tanınmış və tanınmamış alimlərlə, bədii ədəbiyyat sahəsində qələmimi sınadığım üçün bir çox şair və yazıçılarla yaxından tanışlığım olmuşdur. Ancaq onun kimi sözü əzizləyib sözlə yoldaş olana sözün həqiqi mənasında ürcah olmadım.
Fikrət Sadıq böyük şair idi, böyük yenilikçi sənətkar idi, ədəbi aləmə orijinal üslub gətirmişdi. Ondan təsirlənib sənətkar olan bir çoxları təəssüf ki, bunu etiraf etmədilər. Fikrət Sadıq alacağı qiyməti sağlığında ala bilmədi. Əslində o, rəsmi xalq şairi adını daşımayan xalq şairi idi. Dili, görkəmi, yaradıcılığı xəlqi və təbii idi. Onda heç bir riyakarlıq və təkəbbür yox idi. Elə buna görə də onu Dədə Qorquda bənzədirdilər. Bu şairin yaradıcılığına bələd olanlar yaxşı bilir ki, Fikrət Sadıq nə sovet dövründə o dövrün tərənnümçüsü olmadı, nə də ondan sonrakı dövrlərdə hakimiyyətə gələnlərə bir misra da tərif yazmadı. Şair və yazıçılar qələmlərini zəmanəyə uyğunlaşdırıb qalın-qalın əsərlər yazanda, Fikrət Sadıq yalnız qəlbinin təmizliyindən və Sabir dərdi boyda bir dərdin içindən süzülən misraları ilə yaddaşlarda qalmışdı. O, milətini böyük məhəbbətlə sevən, Uca Yaradana inancı və saflığı ilə bağlı olan bir insan idi. Mahiyyəti və xilqəti o qədər təmiz idi ki, onu görən insanların üzünə təbəssüm qonur, böyük bir sevgi ilə ona baxırdılar. Çünki, o, bütün insanları tükənməz bir sevgi ilə sevirdi. Bəlkə də bir çox türksevərlər bilmirlər ki, Fikrət Sadıq yaradıcılığına türklük mövzusu bir çoxları kimi 1990-cı illərdən sonra gəlməmişdi. O, bizim ədəbiyyatımızda hələ 60-70-ci illər arasında Atilla (Attila) motivini dastan kimi qələmə alan sənətkar idi. Hətta bütün övladlarına türk adları qoyduğu üçün bir vaxt xidməti qurumlar tərəfindn sorğu-suala da çəkilmişdi. Yazıram və yaza-yaza düşünürəm ki, onun haqqında nə qədər yazsam, yenə onu ifadə edə bilməyəcəyəm. Bu baxımdan gənc tədqiqatçılara tövsiyyə edirəm ki, Fikrət Sadıq yaradıcılığına tez-tez müraciət etsinlər. Fikrət Sadıq xalq mirasıdır. Xalq mirasının üstünü kül örtməyə imkan verməyin ki, xalq da sizə öz sevgisini nümayiş etsin.
Uca Yaradandan Fikrət Sadığa rəhmət və məğfirət diləyirəm.
ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru
Qaynarinfo.Az