"Konstitusion nöqteyi-nəzərdən buna heç bir əngəl yoxdur, amma mövcud vəziyyətdə Xankəndi üzrə xüsusi nümayəndəliyin təsisi səmərə verməyəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Milli Məclisin deputatı Zahid Orucun Xankəndidə xüsusi nümayəndəlik institutunun yaradılması təklifinə münasibət bildirərkən deyib. Partiya sədri bildirib ki, ölkənin istənilən ərazisində xüsusi nümayəndəliklər yarana bilər:
"Prezidentin xüsusi nümayəndəliyinin yaradılması birbaşa Konstitusiya ilə nəzərdə tutulmayıb. Amma bununla belə, icra sahəsində səlahiyyəti var ki, icra hakimiyyətinin təşkili ilə bağlı mexanizmləri özü müəyyənləşdirsin. Çünki icra hakimiyyətinin başçısı Prezident özüdür və ona görə də mexanizmləri müəyyənləşdirmək imkanına malikdir. Bu günə qədər işğaldan azad olunmuş rayonlarda xüsusi nümayəndəliklər təsis olunub. O cümlədən, bu yaxınlarda Naxçıvana münasibətdə də anoloji addım atıldı. Bu baxımdan, ölkənin istənilən ərazisində xüsusi nümayəndəliklər yarana bilər. Konstitusion nöqteyi-nəzərdən bu məsələdə problem yoxdur.
Təbii ki, burada müəyyən hüquqi islahata, dəqiqləşdirmələrə ehtiyac var. Amma indiki şəraitdə Xankəndində işğalçı ordu hissələri qalmaqdadır. Qanunsuz rejim fəaliyyət göstərir. Belə vəziyyətdə Xankəndi üzrə xüsusi nümayəndəliyin təsis olunması səmərəli nəticə verməyəcək. İlk növbədə erməni silahlı dəstələri tərksilah edilməli, antiterror əməliyyatı ilə separatçı rejimin fəalları həbs edilərək, məsuliyyətə cəlb olunmalıdır. Ondan sonra idarəetmə prosesinə başladıqda, Xankəndidə xüsusi nümayəndəlik də təsis oluna bilər”.
Rüfət Sultan