Hazırda müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olan Xankəndi şəhərində mitinqlərə start verilib. Etiraz edənlərdən Marat Stepanyan bildirib ki, vətəndaşların tələbi dəyişməyib, onlar Praqada qəbul edilən bəyanata və Azərbaycanın şərhlərinə qondarma rejimin "rəhbəri” Arayik Arutyunyandan dəqiq mövqe bildirməyi tələb edirlər.
Onun sözlərinə görə, artıq meydana bir neçə yüz vətəndaş toplaşıb, çoxlu sayda polis də hadisə yerinə gəlib. Stepanyan qeyd edib ki, Arutyunyanın Ermənistana səfərindən xəbəri var, lakin ona heç bir ümid bağlamır: "Biz bilirik ki, bu, sadəcə, saxtakarlıqdır. Çətin ki, bu görüşdən sonra da nəsə dəyişsin. Gəlib başqa bir bəyanat verəcək”.
Xatırladaq ki, ötən gün də Xankəndidə mitinq keçirilib, lakin iştirakçılar Arayik Arutyunyanla danışa bilməyiblər. Onlar rejimin "parlament sədri” Artur Tovmasyanla görüşüb. Erməni mətbuatı Araik Arutunyanın Paşinyanla Qarabağ ətrafındakı vəziyyəti müzakirə etmək üçün İrəvana gedəcəyini bildirilir. Burada qondarma rejimin rəhbəri Paşinyanla oktyabrın 6-da Praqada imzalanan dördtərəfli bəyanatı müzakirə edəcəyi gözlənilir.
Qeyd edək ki, Praqa bəyanatında Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər və bu bəyanat vasitəsilə bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini tanıyıblar. Bu fonda Arutyunyanın İrəvana çağırışması Xankəndidə etirazlara səbəb olub. Çox güman ki, bu etirazları təşkil edən elə qondarma rejimin özüdür. Onlar qondarma liderin İrəvana səfəri fonunda bu cür aksiyalar təşkil etməklə Qarabağ ermənilərinin Praqa bəyanatına qarşı çıxdığı fikrini formalaşdırmağa çalışırlar. Bu əsasda da Arutyunyan həmin bəyanatın icrasının qeyri-mümkün olduğunu İrəvana və onun vasitəsilə bəyanatı imzalayan digər tərəflərə çatdırmaq istəyir. Yəni Xankəndidə keçirilən aksiyalar birmənalı şəkildə qondarma rejimin öz oyunudur və burada da məqsəd Qarabağ ermənilərinin imzalanan bəyanata qarşı çıxdığını əsas gətirməklə onun icrasının mümkün olmayacağını göstərməkdir. Həmin prosesdə sözsüz ki, Rusiya da maraqlı ola bilər. Çünki Moskva üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının Qərbin patronajlığı altında keçməsi yolverilməzdir. Ona görə də bu kimi süni aksiyalar təşkil etməklə Rusiya Qərbin dəstəyi altında prosesin irəliləməsinin qarşısını almağa çalışır.
Rüfət Sultan