
Öldürmə həddinə çatdırma maddəsi ilə həbs olunan araşdırmaçı-jurnalist Xədicə İsmayılın "əhvalı yaxşıdır" və o, kitab tərcüməsi ilə məşğuldur, vəkil Fariz Namazov deyir.
"Xədicə xanımla çərşənbə günü görüşmüşəm. Vəziyyəti yaxşıdır, hadisələrə ruh yüksəkliyi və optimist yanaşır. Sağlamlığından şikayəti yoxdur". Vəkilin sözlərinə görə, jurnalist həbsxanada ona qarşı münasibətdən də narazı deyil.
Xədicə İsmayıl dekabrın 5-də jurnalist Tural Mustafayevin şikayəti ilə "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə məhkəməyə qədər həbs olunub. Yanvarın 27-də onun haqqında həbs-qətimkan tədbiri 1 ay 19 gün artırılıb.
Cümə günü Bakı Appelyasiya Məhkəməsi bu qərardan şikayətə baxacaq. Vəkil Namazov məhkəmənin şikayətə "müsbət" qərar verəcəyinə inamsız yanaşır. "İndiyə qədər verdiyimiz vəsatətlərin heç biri təmin olunmayıb. Ona görə də bu şikayətdən də heç nə gözləmirik".
Onun sözlərinə görə, bundan əvvəl Facebook sosial şəbəkəsindəki profilində xanım İsmayıl barədə şikayətini geri götürəcəyini deyən cənab Mustafayevin məhkəməyə gətirilməsi istənilib.
"Məhkəmə bu vəsatəti təmin etmişdi, amma heç bir nəticə olmadı".
Qaynar.info