"Ermənilər bir gün köhnə dövrün, digər gün isə 1975-ci ilin xəritəsini önə çəkir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tofiq Abbasov Bakı ilə İrəvan arasında sərhədlərin delimitasiyası üzrə danışıqlar zamanı hansı dövrün xəritələrinin müzakirəyə çıxarıldığı, onlar arasındakı fərqləri şərh edərkən deyib.
"1975-ci il xəritəsi yoxdur. Həmin ildə topoqrafiya xəritəsi olub. Burada isə çayların, dağların, yüksəkliklərin vəziyyəti göstərilir. Topoqrafik xəritələrlə isə delimitasiyanı aparmaq olmaz. Proses ancaq siyasi xəritələr əsasında aparılmalıdır. Habelə sovet dövləti daxilindəki respublikaları bir-birindən ayıran inzibati xəritələr də var. Danışıqlarda vaxtilə rəsmən təsdiqini tapan xəritələrdən istifadə olunmalıdır”, deyə Tofiq Abbasov bildirib.
Həmsöhbətimiz vurğulayıb ki, xəritə məsələsini ortaya atmaqla İrəvan əslində oyunbazlıqla məşğul olur:
"Ermənistan odu söndürüb, onun küli ilə oynayır. İrəvan 30 ildir ki, Azərbaycanla bağlı məsələdə məhz bu metodika ilə işləməyə çalışır. Ermənilərin istənilən məsələ barədə konkret olaraq özlərinin düşünülmüş mövqeləri yoxdur. Delimitasiya zamanı hansı xəritələrin istifadə olunmasının nə dəxli var? Rusiya imperiyasına, yaxud da sovet dövrünə, 70-ci illərə aid xəritələr olsun, qoy olsun. Amma ortada iş görmək yoxdur. Ermənilər sadəcə ortanı boşboğazlıqla doldurmağa çalışırlar. İrəvanın heç bir qəti planı yoxdur. Çünki özbaşına deyillər, onları idarə edirlər. İrəvan sərhədlərin delimitasiyası məsələsi ətrafında iş görmək istəyirsə, bəhanələr yox, çıxış yolları axtarsınlar. İrəvan süründürməçilik, işbazlıqla məşğuldur. Ermənilər bir gün köhnə dövrün xəritələrini, digər gün isə 1975-ci ilin xəritəsini önə çəkirlər. İrəvan xəritə oyununu ortaya atmaqla çalışır ki, Azərbaycanın fikrini yayındırsın, Türkiyəni aldatsın. Onların sağlam yanaşması olmadığından cəfəng fikirlərinə uymamalıyıq”.
Qeyd edək ki, Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan brifinqdə bildirib ki, Bakı və İrəvan bir sıra əsas məsələlər, o cümlədən sərhədlərin delimitasiyasının hansı ilin xəritəsi əsasında aparılması barədə hələlik razılığa gəlməyiblər.
Rüfət Sultan