Xəbər lenti

Xəstəxanaya sürücü düzəlmək istədi, dələduzluğun qurbanı oldu
Ölkə 18:02 16.06.2026

Xəstəxanaya sürücü düzəlmək istədi, dələduzluğun qurbanı oldu

Bakı şəhərində sürücü kimi işə düzəltmək adı ilə 8 min manatın ələ keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

Qaynarinfo xəbər verir ki, iş materiallarına əsasən, təqsirləndirilən şəxs özgənin pulunu ələ keçirmək məqsədilə zərərçəkmişi aldadaraq müxtəlif vədlər verib.

İttihama görə, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi Gəncə şəhərində yerləşən xəstəxanalardan birində sürücü vəzifəsinə işə düzəldə biləcəyi barədə inandırıb. O, bu məqsədlə əvvəlcədən etibar qazanaraq məsələni "Tanışları vasitəsilə həll edəcəyini” bildirib və qarşı tərəfdən 8 000 manat tələb edib.

Hadisə 2024-cü ildə Bakı şəhərinin Xətai rayonu ərazisində baş verib. Zərərçəkmiş şəxslə görüş Xətai rayonunda, Vunq Tau küçəsində təşkil olunub. Pul vəsaiti həmin görüş zamanı təhvil verilib.

Məhkəmə ifadələrinə görə, təqsirləndirilən şəxs zərərçəkmişdə əminlik yaratmaq üçün üçün pulun "notarius vasitəsilə rəsmiləşdiriləcəyi” və "Səhiyyə Nazirliyində çalışan tanışı vasitəsilə işin həll olunacağı” kimi vədlər verib. O, vəsaiti aldıqdan sonra bir ay ərzində işə düzəlmə prosesinin həyata keçiriləcəyini bildirib.

Lakin istintaq və məhkəmə araşdırmaları zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs vəd etdiyi kimi hər hansı işə düzəltmə əməliyyatı aparmayıb və əldə etdiyi 8 000 manatı şəxsi ehtiyaclarına sərf edib.

Zərərçəkmiş bir müddət sonra məsələ ilə bağlı dəfələrlə əlaqə saxlayıb və pulun geri qaytarılmasını tələb edib. Təqsirləndirilən şəxs isə müxtəlif bəhanələr gətirərək vəsaiti qaytarmaqdan yayınıb. İddialara görə, sonradan borcun 3 000 manatı hissə-hissə geri qaytarılıb.

Məhkəmədə müttəhim verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, ilkin mərhələdə işə düzəltmə imkanının olduğunu düşündüyünü, lakin sonradan vəsaiti başqa məqsədlərə xərclədiyini etiraf edib.

Məhkəmənin hökmü ilə müttəhim Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) üzrə təqsirli bilinib və ona 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Onun şübhəli şəxs qismində saxlanılıdğı 2 gün müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində 2 il 5 ay 28 gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Seyid
--> -->