XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Xəzər sahili, meşələr, otlaqlar... – Hansı torpaqlar dövlət mülkiyyətindədir?
Ekonomiks11:12 20.08.2026

Xəzər sahili, meşələr, otlaqlar... – Hansı torpaqlar dövlət mülkiyyətindədir?

Azərbaycanda torpaqlar mülkiyyət formasına görə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər. Torpaq Məcəlləsində dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların hansı əraziləri əhatə etdiyi və onlardan istifadə qaydaları müəyyənləşdirilib.

Qaynarinfo xəbər verir ki, Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən, dövlət mülkiyyətində olan torpaqlara dövlət orqanlarının yerləşdiyi ərazilər, eləcə də bir sıra strateji və xüsusi təyinatlı torpaq sahələri daxildir.

Hansı torpaqlar dövlət mülkiyyətindədir?

Dövlət mülkiyyətinə dövlət orqanlarının yerləşdiyi torpaqlarla yanaşı, dağ-mədən sənayesi, istifadə edilməmiş faydalı qazıntı yataqları, vahid energetika sistemi, magistral boru kəmərləri, enerji, rabitə və müdafiə obyektlərinin yerləşdiyi ərazilər daxildir.

Həmçinin dövlət sərhədlərinin zolaqları, meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar da dövlət mülkiyyətində hesab olunur.

Bundan başqa, yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları, meşə fondu torpaqları, dövlət elmi-tədqiqat və tədris müəssisələrinin təcrübə bazaları, maşın-sınaq stansiyaları, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları da dövlət torpaqlarına aid edilir.

Dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan, həmçinin dövlət obyektlərinin tikintisi üçün layihələşdirilmiş torpaqlar və dövlət ehtiyat fondu torpaqları da bu kateqoriyaya daxildir.

Xəzər sahilindəki torpaqlara xüsusi qayda tətbiq olunur

Qanunvericiliyə əsasən, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları, eləcə də sahilboyu 20-50 metrlik zolağın altında yerləşən torpaqlar dövlət mülkiyyətindədir.

Bu ərazilər özgəninkiləşdirilə bilməz və yalnız dövlət funksiyalarının həyata keçirilməsi məqsədilə istifadə oluna bilər.

Qanunda həmçinin həmin ərazilərin istifadəyə və ya icarəyə verilməsi zamanı dənizə və sahilə gediş-gəlişin məhdudlaşdırılması ilə bağlı xüsusi tələblər müəyyən edilir.

İctimai çimərliklərdə isə sahilə gediş-gəlişin məhdudlaşdırılmasına yol verilmir. Torpaq sahəsinin hasara alınmasına və ya digər konstruksiyalarla bağlanmasına yalnız qanunla müəyyən edilmiş tələblər gözlənilməklə icazə verilə bilər.

Bələdiyyə torpaqları hansılardır?

Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən, bələdiyyə torpaqları “Torpaq islahatı haqqında” qanuna uyğun olaraq bələdiyyələrə ayrılan və qanunvericiliklə müəyyən edilmiş qaydada digər torpaq mülkiyyətçilərindən bələdiyyələrə verilən torpaqlar hesabına formalaşır.

Bələdiyyə torpaqları üç əsas kateqoriyaya bölünür:

ümumi istifadədə olan torpaqlar;

hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlar;

bələdiyyə ehtiyat fondu torpaqları.

Ümumi istifadədə olan torpaqlara şəhər, qəsəbə və kəndlərdəki küçələr, meydanlar, yerli əhəmiyyətli yollar, parklar, meşə-parklar, sututarlar, stadionlar, idman meydançaları və əhalinin mal-qarası üçün istifadə etdiyi örüş sahələri daxildir.

Bələdiyyənin ehtiyat fondu nədir?

Bələdiyyə ehtiyat fondu torpaqlarına yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulan ərazilər, hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilmiş bələdiyyə torpaqları, həmçinin ehtiyat məqsədi daşıyan digər bələdiyyə torpaqları daxildir.

Qanunvericiliyə əsasən, həm dövlət, həm də bələdiyyə mülkiyyətində olan torpaqlar müəyyən edilmiş qaydada istifadəyə və icarəyə verilə bilər.

Torpaq Məcəlləsində həmçinin dövlət və bələdiyyə torpaqlarının idarə edilməsi, istifadəsi və mühafizəsinə nəzarət edən qurumların səlahiyyətləri də müəyyənləşdirilib.

Günay