Siyasət 11:59 01.05.2023

XİN başçılarının Vaşinqton görüşü Azərbaycan üçün niyə vacibdir?

"Vaşinqton görüşü Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından rəsmən imtina etməsi üçün vacib mərhələdir”.

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naizri Ararat Mirzoyan arasında Vaşinqtonda olacaq görüşü şərh edərkən deyib.

"Təxminən məqsədimiz budur. Görünür, Vaşinqtonun təzyiqi nəticəsində hansısa səslənən mətnlər barəsində artıq mövqelər yaxınlaşıb. İndi baxaq, görək təkliflər nədir. Ermənistanın siyasi davranışlarına fikir versək görərik ki, baş nazir Nikol Paşinyan səhər bir şey, axşam isə başqa bir şey deyir. Yəni ona ümid bəsləmək olmaz. Azərbaycanın mövqeyi isə ondan ibarətdir ki, hər bir görüşdə iştirak etsin. Çünki sonra deyilməsin ki, biz ondan imtina edirik”, deyə Tofiq Zülfüqarov bildirib.



Sabiq nazir deyir ki, tərəflər arasında razılaşdırılması vacib olan bir-iki məsələ qalıb: 

"Hazırda Azərbaycan və Ermənistan nümayəndələri arasında çərçivə sazişi üzərində iş gedir. Həmçinin, sənədlərin mübadiləsi olub, eləcə də təkliflər göndərilib. İndi ola bilsin ki, hansısa 1-2 məsələ qalıb və onları da razılaşdırmaq lazımdır. Fikrimcə, çərçivə sazişi sadəcə olaraq, prinsiplərin bəyanatı olacaq. Lakin müvafiq prinsiplərin implementasiyası - həyata keçirilməsi vaxt aparacaq. Rəsmi olaraq, Ermənistan ərazi bütövlüyümüzü tanıyıb, amma bunun həyata keçirilməsi hələ də vaxt tələb edəcək. Hazırda Azərbaycanın mövqeyi güclüdür və orada ziyanımıza nəyinsə olacağını gözləmirəm. Bu baxımdan da biz hər zaman bu cür tədbirlərdə iştirak etməliyik ki, ən azından, öz mövqeyimizi səsləndirək”.

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Entoni Blinkenin dəvəti əsasında Vaşinqtona işgüzar səfərə gedib. Səfər çərçivəsində Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, aprelin 30-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Rüfət Sultan