Xəbər lenti

Xocalı soyqırımı: Kimlər tanıyır, kimlər yox?
Ölkə09:45 26.02.2017

Xocalı soyqırımı: Kimlər tanıyır, kimlər yox?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Erməni hərbi birləşmələrinin Rusiyanın 366-cı motoatıcı alayı ilə birlikdə törətdikləri Xocalı soyqırımından 25 il ötür. Bu illər ərzində Xocalı soyqırımının tanıdılması üçün Azərbaycan müəyyən qədər işlər görüb və dünyanın bir çox ölkə və təşkilatları hadisəni soyqırım kimi tanıyıb. 
Bu günə qədər Xocalı soyqırımını tanıyan ölkələrin və təşkilatlar bunlardır: Meksika (02.02.2012-ci il tarixində Meksika Senatı Xocalı faciəsini soyqırım adlandırıb), Pakistan (Soyqırımı pisləyən qətnamə qəbul edib), Kolumbiya (24.04.2012-ci il tarixində Kolumbiya Parlamenti hadisəni soyqırım kimi tanıyıb), Çexiya (19.02.2013-cü il tarixində Çexiya Parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb), Bosniya və Herseqovina (26.02.2013-cü il tarixində Bosniya və Herseqovina parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb), Peru - (2013), Honduras - (2014), ABŞ-ın Massaçusets ştatı (25.02.2010-cu il fevralın 25-də Massaçusets ştatının nümayəndələr palatası Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul edib), Texas ştatı - (2011), Nyu-Cersi ştatı - (2011), Corciya ştatı - (2012), Men ştatı - (2012), Nyu-Meksika ştatı - (2013), Arkanzas ştatı - (2013), Missisipi ştatı - (2013), Oklahoma ştatı - (2013), Tennessi ştatı - (2013), Pensilvaniya ştatı - (2013), Qərbi Virciniya ştatı - (2013), Konnektikut ştatı - (2013), Florida ştatı - (2013), İndiana ştatı - (2014), İslam Əməkdaşlıq Təşkilatı - (2012), Arizona Ştatı - (2015, 25 fevral). Yuta ştatı - (2015), Nebraska ştatı- (2016), Havay ştatının - (2016), Montana ştatı - (2016), Aydaho ştatı - (2016).
Son olaraq isə bu ilin yanvar ayında Cibutinin Milli Assambleyası (Parlamenti) plenar iclasında mütləq səs çoxluğu ilə Xocalı soyqırımına dair qətnamə qəbul edib. Xocalı genosidinin tanıdılması istiqamətində bir milli səfərbərlik olub və bütün bu uğurlar da məhz bunun nəticəsidir. Hakimiyyət, partiyalar, QHT-lər, ayrı-ayrı nüfuzlu şəxslər bu soyqırımın dünyaya tanıdılmasında çox ciddi və əhəmiyyətli tədbirlər həyata keçirib. Nəticədə artıq Xocalı faciəsi ermənilərin azərbaycanlılara qarşı soyqırımı kimi tanınır. Artıq Azərbaycan parlamentinin də Xocalı faciəsini yekun olaraq soyqırım kimi tanınmasının zamanıdır.
Xocalı soyqırımını tanımayan ölkələr və təşkilatlar var. Türkiyənin bir sıra şəhərlərində Xocalı abidəsi olsa da Türkiyə Böyük Millət Məclisi Xocalı soyqırımını rəsmən tanımır. Qeyd edək ki, Azərbaycan Milli Məclisində də Xocalı soyqırımının rəsmən tanınması haqqında sənəd qəbul olunmayıb. Soyqırımı tanımayan ölkələr arasında İran, Rusiya, Gürcüstan kimi yaxın qonşularımız da var. Dünyanın bir çox ölkələrində isə Hollandiya, Almaniya, Sarayevo, Bosniya və Herseqovina, Meksika və Türkiyənin Ankara, İzmit, İzmir və Sakarya şəhərlərində Xocalı soyqırımına aid abidələr ucaldılıb.
Bunlarla yanaşı Xocalı soyqırımının dünyaya tanıdılması çərçivəsində nüfuzlu idman yarışları keçirilib. 2014-ci ildə İspaniyanın “Atletiko” Madrid futbol klubunun oyunçuları “Osasuna” FK və “Real Madrid” FK komandaları ilə keçirdikləri görüşlərdə Xocalı faciəsinin ildönümü ilə əlaqədar qara bilərzik və yaxalarına matəm lenti taxıb və soyqırım qurbanlarının xatirəsi yad edilib. Klubun o zamankı aparıcı oyunçusu Arda Turanın simasında faciə qurbanlarını yad edib və “Azərbaycan xalqının acısını paylaşırıq” sözləri yazılmış pankart nümayiş edilib. Elə həmin il, Asiya Çempionlar Liqasının qrup mərhələsinin oyunları çərçivəsində Təbrizin “Traktor” klubu ilə Ciddə şəhərinin “əl-İttihad” klubu arasında keçirilmiş görüşdə Xocalı soyqırımının qurbanları yad olunub. 
AXCP-nin “Soyqırım parkı” təşəbbüsü
Xocalı soyqırımının dünya ictimaiyyətinə daha dolğun çatdırmaq üçün Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ötən il “Soyqırım Parkı”nın yaradılması təklifi ilə çıxış etdi. Bu təklif ictimaiyyətdə geniş müzakirə olundu və ictimai nüfuza malik şəxslər tərəfindən yüksək qiymətləndirildi. Qeyd edək ki, AXCP-nin “Soyqırım Parkı” özündə bu günə qədər Azərbaycan xalqının başına gətirilən bütün faciələrin, erməni vandalizminin bir məkandan dünyaya çatdırılmasını ehtiva edir.
“Soyqırımı törədənlər məsuliyyətə cəlb olunmalıdır”
“Cümhuriyət” qəzetinə şərhində politoloq Məhəmməd Əsədullazadə deyib ki, bu gün bir çox dünya ölkələri və təşkilatlar Xocalı soyqırımını tanıyır: “Xocalı faciəsi Cənubi Qafqazda milli münaqişə zəminində Ermənistan hakimiyyəti tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş soyqrımıdır. Bu soyqırım erməni vəhşiliyinin bariz nümunəsidir. Bu soyqırımı Qərb jurnalistlərinin video çəkilişləri də sübut edir. Burada heç tarixçilərin araşdırmasına da ehtiyac yoxdur. Çünki, bu hamımızın yaşadığı və şahidi olduğu ildə baş verib. Azərbaycan parlamentinin Xocalı soyqırımını tanımaması başadüşülən deyil. Hesab edirəm ki, bu ərəfələrdə bu soyqırım parlamentdə tanınmalı və onu törədənlər məsuliyyətə cəlb olunmalıdır. Çünki, Xocalı soyqırımının iştirakçıları, şəxsən başçılıq edənlər Rusiya və Ermənistanda yaşamaqdadırlar. Bu faciəni Pakistan, Meksika, Avropada Çexiya , Bosniya-Herseqovina dövləti, ABŞ-ın bir çox ştatları və digər Latın Amerikası ölkələrinin parlamenti tanıyıblar. Bu tanıtma təbii ki, aparılan işin nəticəsidir. Bu dövlətlər bizim milli faciəmizi soyqırım kimi tanıyırlarsa, niyə bizim ölkəmiz bunu soyqırım kimi tanımır. Təklif edirəm ki, QHT və partiyalar, ictimayyət nümayəndələri Xocalı faciəsinin soyqırım kimi tanınması barədə Milli Məclisə petesiya göndərməlidir”. 
“Ermənistan səfirlikləri qarşısında piketlər təşkil edilməlidir”
Yaxın qonşularımızın Xocalı soyqırımını tanımamasına toxunan ekspert hesab edir ki, bu erməni lobbisinin fəaliyyətilə bağlı olan məsələdir: “Rusiya və İran Ermənistanla sıx siyasi əlaqələrə malikdirlər və erməni lobbisi güclü olduğu üçün bu ölkələrdə Xocalı soyqrımı tanınmır. Gürcüstan isə Ermənistanla qonşuluq əlaqlərinə görə özünə problemlər yaratmaq istəmir. Azərbaycan hakimiyyəti bu qonşu ölkələrdə diplomatik iş aparmalı, lobbi işini möhkəmləndirməlidir. İranda 35 milyon Azərbaycan türkü öz faciələrinə səsini çıxartmalıdır. Təbrizdə anım tədbirləri keçirilməlidirlər. Türkiyənin bütün ictimai təşkilatları, QHT və siyasi partiyaları, türk ictimai rəyi Xocalı faciəsini soyqırım kimi tanıyır. Hazırda Türkiyə dövləti beynəlxalq təşkilatlar və digər ölkələrin "qondarma erməni soyqırımı" iddiası ilə üz-üzədir. Qondarma bir erməni soyqırımı təbii ki, tarixçilərin öhdəsinə verilsə, arxivlər açılsa belə, bir olayın baş vermədiyini dünya ictimaiyyəti görəcək. Sadəcə, Türkiyəni şantaj etmək üçün bu kimi saxta hadisələrdən istifadə olunur. Türkiyə müəyyən bu kimi səbəblərə görə soyqırım məsələlərində məsafə saxlayır. Parlament gündəminə gətirmir. Türkiyə Parlamentindən Xocalı faciəsi ilə bağlı Azərbaycana başsağlığı verilir, acılar paylaşılır. Türkiyəni başa düşməliyik. 
Türkiyə Xocalı hadisəsinı soyqırım kimi qəbul etsə, müəyyən ölkələr Türkiyəyə qarşı şantaja keçəcəklər. Hazırda Azərbaycan hökuməti Xocalı soyqırımını dünya ictimaiyyətinə tanıdılması üçün müəyyən işlər aparır. Amma bu qənaətbəxş deyil. Beynəlxalq təşkilatlarda iş aparılmalı, tanıdılma prosesində informasiya siyasəti ciddi şəkildə qurulmalıdır. Avropa və digər ölkələrdə anım yürüşləri keçirilməlidir. Ermənistan səfirlikləri qarşısında piketlər təşkil edilməlidir. Türkiyə və Azərbaycan saxta "erməni soyqırımı" kimi iddialar qarşısına Xocalı soyqırımını çıxartmalıdır”.
Qaynarinfo.Az