Xəbər lenti

Yadigar Sadıqov: "Sona qədər mübarizə aparacam" - YENİLƏNİB+FOTO
Siyasət13:53 05.11.2013

Yadigar Sadıqov: "Sona qədər mübarizə aparacam" - YENİLƏNİB+FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müsavat funksionerinin üzərində hazırlıq iclası keçirildi; məhkəməsi prosesi noyabrın 12-ə təyin olunub

Noyabrın 5-də, saat 15:30-da Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun Lənkəran Rayon Məhkəməsində hazırlıq iclası başladı. Məhkəmə açıq keçirilirdi. Prosesi izləmək üçün orada olan mətbuat nümayəndələrinə video və foto çəkiliş aparmağa icazə verilmədi.

Məhkəmə prosesi zamanı  Yadigar Sadıqovun vəkili xeyli qanun pozuntuları ilə bağlı vəsatətlər təqdim etdi. Ancaq məhkəmə sədri təqdim olunan heç bir vəsatəti təmin etmədi.
Məhkəmə zamanı xeyli ziddiyyətli ifadələr aşkarlandı. Məlum oldu ki, iş materialında zərərçəkmiş kimi tanınan Rəşid Kərimov verdiyi ifadələri təkzib edir. Vəkil bununla bağlı xeyli vəsatət təqdim etdi. Zərərçəkmiş daha sonra hazırlıq iclasına aid olmayan çıxışlar etdi. O, bildirdi ki, bəzi qəzetlər mənim Qarabağ əlili olmadığımı yazır. Amma bu belə deyil. Məhkəmə zalında Qarabağ veteranı olduğunu təsdiqləyən sənədi məhkəmə iştirakçılarına göstərdi. Lakin hakim buna ehtiyac olmadığını söylədi.
Məhkəmənin sonunda Yadigar Sadıqov qısa olaraq həbsi ilə əlaqədar baş verənlərə öz münasibətini bildirdi. O, bütün  bunların hamısını hakimiyyətin bilərəkdən qurduğunu qeyd etdi: “Məni həbs etmək üçün qurulan oyunu hamı bilir. Barəmdə həbs qəti-imkan tədbiri seçilməsinə səbəb olaraq guya mənim qaça biləcəyimi, prosesdən yayınacağımı göstərirlər. Əgər mən qaçan olsaydım, elə 2003-cü ildən gedərdim bu ölkədən. Mən isə getməyəcəm və bu şər rejiminə qarşı sona qədər mübarizə aparacağam”.
Məhkəmə bitəndən sonra vəkil Xalid Bağırov ilk hazırlıq iclası ilə bağlı “Yeni Müsavat”a öz münasibətini bildirdi. O dedi ki, Yadigar Sadıqovun işi ilə bağlı müdafiə tərəfinin verdiyi bütün vəsatətlər rədd olundu. Əslində isə Y. Sadıqovun barəsində həbs qətimkan tədbiri dəyişdirilməli, işə də xitam verilməli idi... Yadigar Sadıqov  dərhal, elə məhkəmə zalındaca azadlığa buraxılmalı idi. Təbii ki, hakim buna da məhəl qoymadı. Növbəti məhkəmə isə noyabrın 12-si , saat 14:30-a təyin olundu”.
Xatırladaq ki, Y.Sadıqov iyunun 27-də Lənkəran sakini Rəşid Kərimovun şikayəti əsasında şübhəli şəxs kimi həbs edilib. Kərimov bildirir ki, iyunun 25-də  Sadıqov onu döyüb. Kərimovun müraciəti KİV-lərdə yayılıb və onun əsasında Lənkəran rayon Polis İdarəsi Y. Sadıqovun barəsində Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə cinayət işi açıb./musavat.com/