
"Yadigar Sadıqovun apelyasiya şikayəti bilərəkdən gecikdirilir"
Bunu Qaynar.info-ya açıqlamasında Yadigar Sadıqovun Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri Elman Fəttah deyib.
Onun sözlərinə görə, işin gecikdirilməsi hökmün siyasi sifariş əsasında həyata keçirildiyindən irəli gəlir: "Dünən Yadigar bəylə görüşdüm. Əhval-ruhiyəsi yaxşıdır. Dostlara da salam söylədi. Amma Yadigar Sadıqovla bağlı məhkəmə işində ləngimə var. Bu da çıxarılan hökmün siyasi sifarişli olduğundan irəli gəlir. Yəni hökmdən apelyasiya şikayəti Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Ancaq hələ də məhkəmə günü təyin olunmayıb. Hökmdən üç ay keçməsinə baxmayaraq, apelyasiya şikayəti Lənkəran və Şirvan məhkəmələri arasında qalıb. İki məhkəmə şikayəti bir-birinə "ötür-ötür oyunu" oynayır. Beləliklə, şikayətin baxılması gecikdirilir. Buna baxmayaraq, biz - Yadigar Sadıqovun Hüquqlarının Müdafiəsi Komitəsi olaraq, işimizi davam etdiririk".
Qaynar.info