Xəbər lenti

Yadigar Sadıqovun həbsxanadan Qaynar.info- ya MÜSAHİBƏSİ
Siyasət06:51 04.06.2014

Yadigar Sadıqovun həbsxanadan Qaynar.info- ya MÜSAHİBƏSİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Ölkədə müəllimə ən yaxşı hörmət qoyulan yer həbsxanadır”

"Müxalif düşərgədə olan bəzi bədxahlarımız da bizi lağ obyektinə çevirməyə çalışırlar"

Barəsində 6 il həbs qərarı çıxarılan və hazırda Şüvəlan Təcridxanasında saxlanılan Müsavat başqanının müşaviri Yadigar Sadıqov Qaynar.info-nun suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik: 

-Yadigar bəy, iyun ayının 10-da növbəti apelyasiya məhkəməniz keçiriləcək? Bu məhkəmədən hansısa gözləntləriniz varmı? 

- Bizim ümumiyyətlə, Azərbaycanda ədalət məhkəməsinə inamımız yoxdur. Ona görə də Avropa Məhkəməsinə müraciət etmək imkanı əldə etmək üçün müəyyən prosedur qaydalarına uyğun addımlar atmalıyıq. Bu baxımından da məhkəmənin çıxardığı qərarın sonunu gözləyəcəyik. Bundan sonra Ali Məhkəməyə müraciət edəcəyik. Orada da ədalətli qərar gözləmək absurddur. Həbsim siyasi sifariş olduğundan istər apelyasiya məhkəməsi, istərsə də Ali Məhkəmənin hər hansı ədalətli qərar verəcəyini düşünmürəm, çünki Azərbaycanda məhkəmə siyasi sifarişə qarşı çıxa biləcək qədər azad deyil. 

- Niyə Sizinlə görüşmək problemdir? Yəni vəkilinizdən və Hüquqlarınızın Müdafiəsi komitəsinin sədrindən başqa, kimsə sizinlə görüşə bilmir. Ailə üzvləriniz də Lənkəranda olduğundan tez-tez gedib-gələ bilmirlər.

- Bu məsələdə siyasi məhbuslarla bağlı qaydalar daha sərtdir. Ona görə də daha çox ailə üzvləri ilə, qohumlarla görüşmək imkanı verirlər. Məhbuslar deyirlər ki, əvvəllər qaydalar bir az yumşaq olub. Amma indi, xüsusən də siyasi məhbuslarla görüş məsələsi məhdud çərçivədə reallaşır. Hesab edirəm ki, bu da bir növ hansısa xüsusi tapşırıqla bağlıdır. 

“Təcridxanada antisanitariya hökm sürür”

- Həbsxanada saxlanma şəraitiniz necədir, narahatçılığınız varmı?

- Hazırda Şüvəlan Təcridxanasında saxlanılıram. Bu həbsxana sovet dövründə inşa olunub, daha doğrusu, sovet qaydalarına uyğunlaşdırılıb. Müasir standartlara cavab vermir. Tamamilə bərbad bir vəziyyətdədir. Bərbad vəziyyətdə olmaqla yanaşı, nəzərdə tutulduğundan daha çox dustaq var burada. Bildiyimə görə Şüvəlan Təcridxanası 700 nəfər dustaq üçün nəzərdə tutulub, amma hazırda burada saxlanılan dustaqların sayı 1000 nəfərdən çoxdur. Hətta kameralarda dustaqların sayı çarpayıların sayından çoxdur. Mənim saxlandığım kamerada 10 nəfərlik çarpayı olsa da, burada 13 dustaq saxlanılır. Ümumiyyətlə, burada şərait standartlara cavab vermir, antisanitariya hökm sürür. Amma bura ilə müqayisədə Kürdəxanı təcridxanası müasir standartlara cavab verirdi. Mən də əvvəl orada saxlanılırdım, sonra da bura köçürdülər. 

“Ölkədə müəllimə ən yaxşı hörmət qoyulan yer həbsxanadır”

- Təcridxanada tanıdığınız siyasi məhbuslar da varmı? Bəs oradakı digər məhbsuların sizə münasibəti necədir?

- Siyasi məhbuslardan yalnız Ömər Məmmədov burada saxlanılır. Yəni eyni korpusdayıq. Başqa siyasi məhbus yoxdur. Kameradakı məhbuslarla normal münasibətimiz var. Hörmətlə yanaşırlar, həm yaşıma, həm peşəmə, həm də münasibətlərə görə. Ümumiyyətlə, bunu bir neçə dəfə demişəm ki, bizim ölkədə müəllimə ən yaxşı hörmət qoyulan yer elə həbsxanadır. Yəni məhbusların müəllimə münasibəti hökumətin münasibətindən daha səmimidir. 

- Mətbuatı izləmək imkanınız varmı? Qəzetləri vaxtaşırı ala bilirsiniz?

- Əvvəllər ara-sıra problemlər olsa da, qəzetləri vaxtı-vaxtında ala bilirdim. Lakin son günlər problemlər var. Məsələn, “Yeni Müsavat” və “Azadlıq” qəzetləri  gətirilir. Bu da bir də görürsən ki,  həftələrlə yubanma olur. Son dəfə 3 gün öncə qəzet almışam. Yəni yubanmalar olur, bu da mətbuatı müntəzəm izləməyə problem yaradır. 

- Hər hansı bir təzyiqlə üzləşmirsiniz?

- Yox, nə Lənkəran Polis Şöbəsində, nə Kürdəxanı Təcridxanasında, nə də Şüvəlan təcridxanasında hər hansı bir təzyiqlə üzləşməmişəm. Yəni heç bir kobud davranış, hörmətsizlik olmayıb. İnsafən, kifayət qədər normal münasibət göstəriblər. 

“Mənə belə bir təklif etmək mənasızdır” 

- Əfv ərizəsi yazmaqla bağlı hər hansı bir təklif olunmayıb?

- Əvvələr belə bir şey olub. Hazırda belə bir şey yoxdur. Açığı mən rəftarımla, münasibətimlə anlatmağa çalışıram ki, mənə bu barədə müraciət eləmək mənasızdır. Ola bilsin ki, yenə də müraciət etsinlər, amma mənə belə bir təklif etmək faydasızdır. Yəqin ki, özləri də bunu başa düşür. 

- Müsavat Partiyasından narazılığınız yoxdur? Yəni həbs olunandan sonra partiya rəhbərliyinin diqqəti, müsavatçıların dəstəyi sizi qane edirmi, yoxsa...

- Partiya rəhbərliyi və müsavatçı dostlarımız kifayət qədər qayğı göstərməyə çalışırlar. Müsavatın rayon təşkilatları da kifayət qədər diqqət və qayğı göstərirlər. Apelyasiya məhkəməsinə aparılanda Şirvan müsavatçıları sovqat, yemək gətirirlər. Yəni partiya üzərinə düşən işi kifayət qədər yüksək səviyyədə həyata keçirir, hüquqlarımın müdafiəsini təşkil edir və beynəlxalq aləmə çıxarmağa çalışırlar. Ailəmə də qayğı yüksək səviyyədədir. Heç bir narazılıqdan söhbət gedə bilməz, əksinə, zəhməti olan bütün insanlara və müsavatçılara təşəkkür edirəm. 

“Hacıbala Abutalıbov kimi qeyri-adekvat məmur da...”

- Son günlər mətbuatın gündəmində olan əsas məsələlərdən biri də Müsavatın qurultayı ilə bağlıdır. Amma hələ ki, partiya ilə Bakı Şəhər İcra Hakmiyyəti arasında yer məsələsində razılıq əldə olunmayıb. Başqanlığa iddialı şəxslərdən biri kimi isə daha çox Qubad İbadoğlunun adı hallanır. Sizin bu məsələdə mövqeyiniz necədir? 

- Mən hesab edirəm ki, Əmircanda ayrılan yer Müsavat Partiyasına layiq olmasa da,  reallıqları nəzərə alıb qurultayı keçirmək lazımdır. Mən son dəfə Hüquqlarımın Müdafiə Komitəsinin sədri, həm də qurultaya hazırlıqla bağlı təşkilat komitəsinin üzvü Elman Fəttahla görüşdə də bu barədə fikirlərimi bildirdim. İndiki reallıqda meriyanın başqa yer ayıracağı inandırıcı görünmür. Ona görə də belə bir şəraitdə Müsavatın qurultayının 2-3 il təxirə salınmasından söhbət gedə bilər ki, bu da xoş hal deyil. 

Mən partiyanın daha gözəl və Müsavatın keçdiyi şərəfli tarixi yola layiq bir yerdə qurultay keçirmək arzusunu başa düşürəm. Lakin reallıqlarla hesablaşmaq lazımdır. Şəxsən mənim fikrim belədir. Hətta elə bir vəziyyət yaranıb ki, Hacıbala Abutalıbov kimi qeyri-adekvat məmur da Müsavata lağ eləməyə başlayıb. Müxalif düşərgədə olan bəzi bədxahlarımız da bizi lağ obyektinə çevirməyə çalışırlar. Hesab edirəm ki, Müsavat belə bir münasibətə layiq deyil və biz bu söz-söhbətlərə son qoymalıyıq. 

Qubad bəyə gəlincə, təbii ki, o, Müsavatın başqanı olmağa layiq şəxslərdən biridir. Müsavatın qurultayının dəqiqləşəcəyi təqdirdə, mən də hər hansı bir namizədi dəstəklədiyimi rəsmən bəyan edəcəm.  

“Başqa yolumuz yoxdur” 

-Yəqin ki, 3 gün bundan öncə də olsa, mətbuatı izləyə bilmisiniz. Rusiya-Belarus və Qazaxıstandan ibarət üçlük Avrasiya İttifaqının əsasını qoydu. Azərbaycanın da digər postsovet ölkələri kimi bu qurumda təmsil olunması ilə bağlı fikirlər səsləndirilir. Sizcə, bu, baş verəcəkmi? Məsələn, hakim düşərgədə təmsil olunan bəzi siyasətçilər bunu inkar edir və Gömrük İttifaqını perspektivsiz qurum adlandırırlar...

- Azərbaycan üçün əsas yol avrointeqrasiyadır. Yəni ölkəmiz daha çox Avropa təşkilatlarına üzv olmaq üçün çalışmalıdır. Başqa yolumuz yoxdur. Xüsusən də, Rusiya kimi ölkənin hegemonluğunu bərpa edən təşkilatlara üzv olmaq Azərbaycana yaxşı heç nə vəd etmir. Bu qismən də olsa, Azərbaycanın müstəqilliyinin alınması, məhdudlaşdırılması deməkdir. Eləcə də bunun Azərbaycan insanının hüquqlarının təmin edilməsi istiqamətində heç bir müsbət nəticəsi olmayacaq. Məhz bu səbəblərdən də Avrasiya İttifaqı Azərbaycan üçün uğurlu gələcək sayıla bilməz. Mən Müsavat Partiyasının avrointiqrasiya siyasətinin tərəfdarıyam. 

- Dostlarınıza sözünüz...

- Onlarla çiyin-çiyinə mübarizə aparmaq üçün darıxmışam. Bütün dostlara azadlıqsevər insanlara demək istəyirəm ki, ruhdan düşmək lazım deyil. Mübarizə davam edir və mübarizəni davam etdirdiklər üçün də onlara təşəkkür edirəm. Əminəm ki, mübarizəmiz nəticə verəcək və bir gün görmək istədiyimiz, arzusunda olduğumuz Azərbaycana layiq olduğumuzu sübut edəcəyik. 

Şəmşad AĞA

Qaynar.info