Xəbər lenti

Yadigar Sadıqovun məhkəməsində ziddiyyətli məqamlar
Siyasət13:17 01.07.2014

Yadigar Sadıqovun məhkəməsində ziddiyyətli məqamlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məhkəmə prosesində coxlu ziddiyyətli məqamlar ortaya çıxdı

Bu gün saat 15:00-da Şirvan Apellyasiya Məhkəməsində Yadigar Sadıqovun məhkəməsi olub. 3 saata yaxın davam edən məhkəmədə ciddi ziddiyyətlər ortaya çıxıb. Məhkəməyə təqdim olunan yeni sübutlar, şahid ifadəsinin alınması məhkəməni ifşa edib. 

Yadigar Sadıqovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Elman Fəttah bildirib ki, müdafiə tərəfinin məhkəməni ifşa edəcək vəsatətlər irəli sürdüyünü, hakimin də bu vəsatətləri rədd etdiyini bildirib: “Saat 15:00-da Yadigar Sadıqovun Şirvan Apellyasiya Məhkəməsində məhkəmə prosesi keçirilib. Məhkəmədə hər iki vəkil - Xalid Bağırov və Adil İsmayılov iştirak edirdi. İclasa hakim İsmayıl Əhmədov sədrlik edirdi. Deməli, ekspertiza rəyindən sonra müdafiə tərəfi yeni sübutlar əldə edib. Mübahisəli məqamlar həddindən artıq çoxdur. İbtidai istintaqda müstəntiq eyni saatda həm zərərçəkəni təcili tibbi yardımla müalicəyə göndərib, həm də həmin vaxt dindirib. Dindirmə ilə təcili yardımın müayinəsinin vaxtı üst-üstə düşür. Ona qoyulan diaqnoz ümumiyyətlə xəsarətlə əlaqədar olmayıb. Ona görə də, əlimizdə olan əsaslı, mötəbər vəsatətləri hakimə təqdim etdik. Hakim müdafiə tərəfinin verdiyi vəsatəti bir neçə yerə parçalayaraq, yalnız ekspertin dindirilməsi hissəsini qüvvədə saxladı. Ekspert rəyi ilə bizim təqdim etdiyimiz sübutlar arasında çox ciddi təzadlar var. Ona görə də, təkrar ekspertiza ilə bağlı vəsatəti rədd etdi, sadəcə ekspertin dindirilməsi hissəsini təmin etdi”.

E.Fəttah məhkəmədə dindirilən şahid Şahin Ağayevin ifadəsindən bir daha məhkəmənin ifşa olunduğunu söylədi: “Məhkəmədə Şahin Ağayev adlı şahid dindirildi. Şahidin ifadəsindən açıq-aydın göründü ki, ümumiyyətlə istintaqın iddia etdiyi xuliqanlıq hadisəsi qətiyyən baş verməyib, elə bir hadisə olmayıb. Yadigar Sadıqovun döydüyü iddia olunan Rəşid Kərimov həmin gün özü Yadigar Sadıqova yaxınlaşıb, onu təxribata çəkməyə cəhd edib və buna nail olmayıb, yəni heç bir xuliqanlıq hadisəsi də baş verməyib. Məhkəmədə Rəşid Kərimovun özü iştirak etmirdi. Bununla bir daha sübut olundu ki, nəinki xuliqanlıq hadisəsi, ümumiyyətlə həmin gün heç bir hadisə olmayıb. Bu, sadəcə demokratiya uğrunda vuruşan Yadigar Sadıqovu həbsdə saxlamaq, ondan qisas almaq üçün hakimiyyətin oyunudur. Yadigar bəyin həbsi sırf siyasi sifarişli həbsdir. Sonda onu da deyim ki, apellyasiya mərhələsi hələ yekunlaşmayıb, növbəti  məhkəmə iclası iyulun 22-i saat 15:00-a təyin olundu”.

Xatırladaq ki, Y.Sadıqov iyunun 27-də Lənkəran sakini Rəşid Kərimovun şikayəti əsasında şübhəli şəxs kimi həbs edilib. R.Kərimov bildirib ki, iyunun 25-də guya Y.Sadıqov onu döyüb. R.Kərimovun müraciəti KİV-lərdə yayılıb və onun əsasında Y. Sadıqovun barəsində Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. O, məhkəmənin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum olunub.

Qaynar.info