Xəbər lenti

Yağış qoxulu torpaq
Ölkə12:20 19.09.2013

Yağış qoxulu torpaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xuraman Nuru

Yağış qoxulu torpaq

Yağışdan sonra torpaqdan gələn o qoxunu çox sevirəm… Acgözlüklə dərindən ciyərlərimə çəkirəm bu qoxunu, ruhuma bir dinclik verir bu qoxu. Hərdən düşünərəm ki, doğurdanmı torpaq belə qoxuyur?! Görən nədən bu qoxu elə ancaq yağış yağandan sonra gəlir?! Səbəbini aramağa çalışdım və deyəsən sonunda tapdım. Bunun elmi izahını verməyəcəm. Bu mənlik deyil…

Uca Yaradan insanı torpaqdan yaradıb. Bunu elm də təsdiq edib ki, insanın hüceyrələrinin tərkibi ilə torpağın təkibi demək olar ki, eynidir. Və torpaqdan yaranmış insan yenidən torpağa qayıdır. Tanrı dərgahına gedən isə onun ruhudur. Günahlar içində olanı və ya günahsız ruhu. Torpaqdan gələn qoxu isə dünyasını dəyişmiş, artıq cansız və ruhsuz qalan cəsədin bu dünyadakı arzu və istəkləridir hopub torpağın canına… O arzular nakam qalıb gözlərdə... O arzular həyata keçmədən yarımçıq torpaq altına hopub .Yağış yağanda sankı o arzular cücərir, baş qaldırır, ümüdlə ətrafa yayılır…

Yağış o torpaq altda yatan arzu sahiblərinin göz yaşlarıdır. Sanki bir nakam balanın həsrət dolu sözlərini çatdırır anasına: “Anacan, ay ana! Mən burdayam, mənsiz çox ağlama. Mən sənin yanan ürəyini hiss elədim ki, gəldim. Əllərini uzat pəncərəyə, bax bu mənəm, balanam… Axı deyirlər analar balasının qoxusunu uzaqdan duyur! O zaman mənim qoxum da qarışıb torpağa, sənin burnuna gəlirmi?! Duydunsa o zaman al ovcuna nəm torpağı və qoxula… Qoxula və daha ağlama. Bax mən sənin yanındayam, yox olan cismimdir, ruhum burdadır" .

Yağış torpaq altında yatan ata-anaların göz yaşıdır. Bu dünyada buraxdıqları balalarına həsrət qalan valideynlərin göz yaşlarıdır. Balalarının onları həsrətlə çağıranda, xəstələnəndə, problemlər icində qıvrılanda dözməyən çarəsiz göz yaşlarıdır yağış…

Torpaqdan gələn qoxu isə o valideynin həsrət dolu qoxsudur ki, eləcə gözəl və yanıqlı qoxar... Yağış yağan zaman torpaqdan gələn qoxu bir şəhidin qanının qoxsudur ki, qarışıb o canını fəda etdiyi Vətən torpağına!!! Təmiz şəhid qanının və torpaq qoxusunun qarışığıdır bu qoxu. Vətənin azadlığını görəndə, sevinclə yağış yağanda ümidli bir həvəslə yayılır ətrafa bu qoxu!!!

Bəzən hüznlu həsrətlə, bəzən isə qəzəblə qarışır torpağa. Sanki “Nədən belə, bunun üçünmü Şəhid oldum ki, sizlər biganə qalasınız bu torpaga?!” – deyə haray salır sanki!

Yağışdan sonra torpaqdan gələn qoxu bəzən nakam sevginin harayını xatırladır. Sevgilisinin onun məzarı üstündə axıtdığı göz yaşlarıdır ki, qarışıb bir-birinə. İki nakam sevgilinin göz yaşlarına dözməyib yağış da onlara qoşulur və beləcə həsrət dolu qoxu gəlir torpaqdan. Sevgi qoxsu.

Yağışdan sonra torpaqdan gələn qoxu bütün yaranışların təməlində duran və bu yaranışın SƏBƏBKARI olan, bizi yaradan ULU TANRININ bizlərə vəd etdiyi Cənnətin qoxsudur… Hər yağışdan sonra sanki insanlara bir mesaj olaraq gəlir ki, baxın, bu gözəl qoxulu məkanda əbədi yaşamaq istəyirsinizsə TƏLƏSİN! Bunu qazanmaq həm asan, həm də çətindir. Arzuladığım kimi İNSAN olacaqsınız. Əsl İnsan! İnsan kimi insan olmaq lazımdır.

Əziz dostlarım, bu cənnət dolu mesaja ciddi yanaşmalıyıq . Çünki bunu niyə dinləmədik, deyə təəssüf edərik tez bir zamanda.


Qaynar.info