Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (Roskomnadzor) KİV-ləri bloklamağa davam edir.
Qaynarinfo xəbər verir ki, Rusiya-Ukrayna başlanandan indiyə qədər xeyli sayda onlayn mediaya giriş məhdudlaşdırılıb. Onların arasında Rusiyada fəaliyyət göstərən KİV-lərlə yanaşı, xarici, o cümlədən Azərbaycanın media orqanları da var.
Bu gün məlum olub ki, Roskomnadzor Azərbaycanın daha bir onlayn media orqanı – Oxu.az saytı Rusiya ərazisində bloklanıb.
Azərbaycanda fəaliyyət göstərən saytların hansı səbəbdən Rusiya ərazisində bloklanması barədə Roskomnadzor-un rəsmi açıqlaması yoxdur. Ehtimal etmək olar ki, bu addım Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır.
Rusiya Ukraynaya təcavüzünü "xüsusi əməliyyat” adlandırır və dünyadan baş verənlərə məhz bu cür yanaşmağı tələb edir. Kreml hesab edir ki, bu haqda yazan media orqanları da "müharibə”, "təcavüz” ifadələrindən istifadə etməməlidir. Kremlin bu absurd tələbinə əməl etməyən media orqanları isə bloklanır.
Bu, söz azadlığının boğulması olsa da, Kreml üçün əsas onun siyasətinin istədiyi şəkildə təqdim olunmasıdır.
Əslində, Rusiya bununla Ukrayna məsələsində haqsız olduğunu ortaya qoyur. Hər halda Azərbaycanda fəaliyyət göstərən media orqanları Rusiya-Ukrayna müharibəsində maksimum dərəcədə balansı qorumağa çalışır. Məntiqlə, Ukrayna məsələsində haqlı olduğunu iddia edən Rusiya baş verənlərə tərəfsiz yanaşan media orqanlarının fəaliyyətində maraqlı olmalıdır. Bunun əksi müşahidə olunursa, deməli, məsələ heç də Kremlin iddia etdiyi kimi deyil və bu baxımdan, söz azadlığına zidd addımlar atmaq zərurəti hiss edir.
44 günlük Qarabağ savaşında Rusiyanın media orqanlarının əhəmiyyətli hissəsi eskalasiyanı işğalçı Ermənistanın maraqlarına uyğun təqdim edirdi. Lakin həmin media orqanlarının Azərbaycan ərazisində girişinə heç bir məhdudiyyət qoyulmadı. Biz hələ onu demirik ki, Rusiyanın Azərbaycanda akkreditə olunmuş media orqanları Bakıda oturub ölkəmizin əleyhinə materiallar tirajlayırdı. Onların da fəaliyyətinə hər hansı formada müdaxilə müşahidə olunmadı. Çünki Azərbaycan haqq savaşı apardığı üçün həmin saytların tirajladığı yalanların işləməyəcəyi bəlli idi. Rusiyanın belə şansı yoxdursa, günahı öz əməllərində görməlidir, media orqanlarında yox!
Aydın
Qaynarinfo