Xəbər lenti

Yalnız bu baş verəndən sonra hansısa danışıqlar başlaya bilər... (ŞƏRH)
Siyasət13:10 09.11.2020

Yalnız bu baş verəndən sonra hansısa danışıqlar başlaya bilər... (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Ermənilər Dağlıq Qarabağda qalacaqsa və onlara belə bir koridor veriləcəksə, paralel olaraq Zəngəzurdan qovulan azərbaycanlılar bunun müqabilində Zəngəzura dönməlidirlər”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə telefon danışıqları zamanı Qarabağ probleminin həlli üçün işçi qrupu yaradılması ilə bağlı təklifini şərh edərkən deyib. Politoloq təklif edib ki, belə bir şəraitdə bölgədə heç bir sülhməramlılar olmamalıdır:

"1920-ci ildə XI Qızıl Ordu Azərbaycanı işğal etdi. Üzərindən 100 il keçəndən sonra, noyabrın 8-də Azərbaycan Şuşanı işğaldan azad etdi. Şuşanın işğaldan azad edilməsi nə deməkdir? Şuşa bizim üçün təkcə tariximiz, mədəniyyətimiz demək deyil. Şuşanın önəmi hərbi baxımdan Qarabağ müharibəsinin aqibətini həll edəcək şəhər olmasında da deyil. Şuşanın işğaldan azad edilməsi ilk növbədə bizim əl-qolumuzu bağlayan, danışıqlar formatlarına "5+2”-lərin, "status- kvo”ların silinməsi deməkdir. İndiki durumda müharibəni saxlamaq, yenidən köhnə formatlarla danışıqlar masasını təşkil etmək və öz sülhməramlılarını bölgədə yerləşdirmək Rusiyanın maraqlarına uyğundur. Təbii ki, Türkiyə və Azərbaycanın maraqlarına uyğun deyil. Rusiyanın yanında bunu erməni tərəfi də istəyir. Lakin Ermənistan rəhbərliyi torpaqlardan çıxacaqlarına və bununla bağlı hər hansı cədvəl verəcəklərinə dair atəşkəs sazişi imzalaya da bilmir”.

Azər Qasımlınin fikrincə, Paşinyan belə bir sənədə imza atsa, hakimiyyətini itirəcək:

"Yaxud da o, tarixə satqın kimi düşə bilər. Hər bir halda düşünürəm ki, bu günlərdə Paşinyana qarşı təziqlər başlayacaq. Həm Rusiyadan, həm də Rusiyanın Ermənistan siyasətində olan 5-ci kalon tərəfindən də bu təzyiqlər artacaq”.

Politoloq qeyd edib ki, Qarabağda hər hansı ölkənin sülhməramlı qüvvələri olmamalıdır:

"Paşinyan bizim şərtlərlə masaya oturmaq, sənədlərə imza atmaq istəməsə, ordu durmamalı, ilk növbədə Xankənd, Xocalı, Xocavənd, sonra isə Laçın və Kəlbəcəri işğaldan azad etməlidir. Bu məsələdə sona kimi getməli və hərb meydanında bütün formatları darmadağın etməliyik. Yalnız bundan sonra hər hansı danışıqlar başlaya bilər. Ondan sonra Ermənistan tərəfi istəyər imza atsın, istəyir atmasın. Yenidən Türkiyə və Rusiya formatında hər hansı danışıqlar ola bilər. Bu danışıqların əsas məğzi heç bir halda sülhməramlıların yerləşdirilməsi olmamalıdır. Onun məğzi əgər qalacaqlarsa, Qarabağla Ermənistan arasında təhlükəsiz bir koridorun olmasıdır. Ki, onlar Ermənistana təhlükəsiz şəkildə gedib-gələ bilsin”.

Azər Qasımlının fikrincə, Dağlıq Qarabağda ermənilər qalacaqsa və onlara belə bir koridor veriləcəksə, paralel olaraq Zəngəzurdan qovulan azərbaycanlılar bunun müqabilində Zəngəzura dönməlidirlər:

"Yenidən onlar ata-baba yurdlarında yerləşdirilməlidirlər. Bunun yanında onların da təhlükəsizliyini qoruyacaq hansısa bir format və Azərbaycanla Naxcıvan arasında koridor olmalıdır. Əgər Laçın koridorunu istəyirlərsə, biz də Naxçıvandan koridoru istəyirik. Ermənilər Qarabağda qalmaq istəyirsə, biz də Zəngəzurdan qovulan azərbaycanlıları orada yerləşdirməliyik. Və bölgədə də heç bir sülhməramlılar olmamalıdır. Sadəcə, Türkiyə ilə Rusiya bu məsələdə qarant ölkə kimi çıxış edə bilərlər. Ümid edirəm ki, Azərbaycan iqtidarı da bu yöndə addımlar atacaq”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışıqları zamanı Qarabağ probleminin həlli üçün yeni işçi qrupu yaradılmasını təklif edib.

Bahar Rüstəmli