Yanğın Los-Ancelesin prestijli rayonunu məhv edir: təxliyə elan edildi (VİDEO)
Los-Ancelesin prestijli rayonunda meşə yanğını baş verib. Yanğın nəticəsində 30 min nəfərin təxliyə olunması zərurəti yaranıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, alov artıq evləri məhv edib, şəhər tüstü ilə örtülüb, yollarda isə böyük tıxaclar yaranıb.
Rəsmi şəxslərin sözlərinə əsasən, azı 1182 hektar ərazi yanıb. Uzun sürən quraqlıqdan sonra güclü küləklər yanğının sürətlə yayılmasına səbəb olub.
"Biz hazırda zərərçəkənlər barədə məlumatların olmamasından çox şadıq", – Los-Ancelesin yanğınsöndürmə xidmətinin rəisi Kristin Krouli mətbuat konfransında bildirib. O əlavə edib ki, 25 mindən çox insan və 10 min ev təhlükə altındadır.
Alovla mübarizədə hava texnikası cəlb edilib, buldizerlər isə tərk edilmiş avtomobillərin yollarını təmizləyərək təcili xidmət maşınlarının keçməsinə şərait yaradır.
Meteoroloqlar isə ən yüksək təhlükə dərəcəsinin elan edildiyini bildiriblər. Los-Ancelesdə küləyin sürətinin 80-dən 130 km/saata qədər olacağı proqnozlaşdırılır. Az rütubət və quru bitki örtüyü şəraitində yanğın təhlükəsi üçün "maksimum təhlükəli" vəziyyət yarandığını mütəxəssislər qeyd ediblər.
Qubernator fövqəladə vəziyyət elan edib. Onun sözlərinə görə, bölgədə başqa yanğınların da baş vermə ehtimalı var.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər