Xəbər lenti

Yarım milyonu yeyəcək “Qarınqulu” - Yaxud Mədəniyyət Nazirliyinin animasiya qalmaqalı
Sənət 12:46 12.05.2022

Yarım milyonu yeyəcək “Qarınqulu” - Yaxud Mədəniyyət Nazirliyinin animasiya qalmaqalı

Mədəniyyət Nazirliyi maliyyə dəyəri yarım milyona yaxın "Qarınqulu” adlı animasiya layihəsini faktiki olaraq batırmağa çalışır. 

Bu barədə Qaynarinfo-ya animasiya filmlərinin istehsalçısı olan "NME” MMC-nin direktoru, "Balta” animasiyasının prodüsseri Nicat Manafov bildirib. 

Onun sözlərinə görə, layihə satınalma müsabiqəsi keçirilmədən "Salnaməfilm” studsiyasına verilib: "Salnaməfilm” studiyası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Bu baxımdan, iddia edilə bilər ki, tenderə ehtiyac yoxdur. Məsələ burasındadır ki, "Salnaməfilm” studiyası animasiya çəkilişləri üzrə ixtisaslaşmayıb. Belə olsaydı, o zaman "Qarınqulu” animasiyasının çəkilişlərinə başqalarını cəlb etməzdilər”.

O qeyd edib ki, ilkin mərhələdə filmin ssenarisinin yazılması üçün "AzanFilm”lə xidməti müqavilə bağlanıb. Hətta ödəniş də edilib: "AzanFilm” də Mədəniyyət Nazirliyinə bağlı studiyadır. Ssenari cəmi bir neçə günə 4 nəfər tərəfindən hazırlanıb və təhvil verilib. Lakin sonradan "AzanFilm” layihədən imtina edib. Mədəniyyət Nazirliyi bu dəfə layihəni arxiv studiyası olan "Salnaməfilm”ə verib. Sözügedən studiyada layihəni icra edəcək kadrlar olmadığı üçün xidməti müqavilə ilə işçi cəlb edir. Qeyd etdiyim ki, onlar arasında bizim istehsalımız olan "Balta”nın komandasının da üzvləri var. Daha doğrusu, "Salnaməfilm”in komandasının aparıcı üzvləri "Balta”da iştirak etmiş şəxslərdir. Onlarla xidməti müqavilə imzalanıb”.

Nicat Manafovun fikrincə, layihənin tendersiz keçirilməsi büdcədən ayrılan vəsaitin qaranlıq məqsədlərə xərclənəcəyi barədə şübhələrə əsas verir: "Fikrimcə, büdcə dəfələrlə şişirdilib. Bu baxımdan da rəqabətə imkan verməyiblər. Ölkə üçün əhəmiyyətli bir layihənin başdansovdu icrası, "Qarınqulu”nun korrupsiya mənbəyinə çevrilməsi cəhdi yolverilməzdir. Hesab edirəm ki, layihə ilə bağlı tender elan edilməli və animasiya çəkilişləri üzrə ixtisaslaşan şirkətlərin satınalma müsabiqəsində iştirakı təmin olunmalıdır.  Təəssüf ki, cənab Prezidentin çıxışlarında ictimai nəzarətin vacibliyini qeyd etməsinə baxmayaraq, bu layihə gizli formada icra olunur”.

Animatorun sözlərinə görə, layihənin icrasına Mədəniyyət Nazirliyinin kinemotoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov nəzarət edir. 

Qaynarinfo məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyinə sorğu göndərsə də, qurumdan cavab gəlməyib.

Qalmaqalda adı hallanan Rüfət Həsənovla da danışmaq mümkün olmayıb.

"Qarınqulu” animasiyasının icraçı prodüsseri Azad Axundov da məsələ barədə danışmaq istəməyib. O, suallara yalnız rəsmi sorğu əsasında cavab verilə biləcəyini bildirib.

"Qarınqulu” animasiyası ilə bağlı məlumatlardan biri də animasiyanın "Xəzər Media” ilə bağlılığıdır. Layihəyə "Xəzər TV"nin əməkdaşı Rəvan Muradovun da cəlb olunduğu deyilir.

Qaynarinfo məsələyə aydınlıq gətimrək üçün "Xəzər TV” ilə əlaqə saxlayıb. Kanalın ictimaiyyətlə əlaqələr və əməkdaşlıq departamentinin rəhbəri Ülkər Qasımova bildirib ki, bu məsəlınin "Xəzər TV"yə heç bir aidiyyatı yoxdur: "Rəvan Muradov "Xəzər TV"nin əməkdaşıdır, amma bu məsələ fərdi sifarişdir. Əməkdaşlar fərdi qabiliyyətlərini ortaya qoyurlar. Rəvan Muradov da işdən kənar vaxtı bu işlə məşğul olacaq”.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->