Xəbər lenti

Yaxın zamanda sülh müqaviləsi imzalana bilər? - Ekspert
Siyasət11:25 26.10.2023

Yaxın zamanda sülh müqaviləsi imzalana bilər? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sülh müqaviləsinin ən yaxın vaxtda imzalanması mümkündür, lakin siyasi iradədən və prosesdə iştirak edən üçüncü tərəflərdən də çox şey asılıdır”.
Bunu Qaynarinfo-ya siyasi şərhçi Arif Əliyev Ermənistan baş naziri Nikol Paşinyanın İrəvanla Bakı arasında sülh sazişinin bir neçə ay ərzində imzalana biləcəyi barədə səsləndirdiyi fikirləri şərh edərkən deyib.
Arif Əliyev bildirib ki, əsas konturlar ilin əvvəlindən bəlli idi. Ona görə də sülh müqaviləsi bir həftəyə də imzalana bilər:
"Ona mane olan müəyyən məsələlər var idi ki, hətta həmin məsələlər qalmaqla da çərçivə sazişi imzalana bilərdi. İndi isə həmin problemlərin böyük hissəsi aradan qalxıb. Çünki əsas suallardan biri olan Qarabağ məsələsi artıq öz həllini tapıb. Odur ki, yaxın vaxtlarda sülh müqaviləsinin imzalanması tamamilə mümkündür. Azərbaycan da bunu söyləyir. Hətta Bakı daha cəsarətli versiyalar ortaya qoyaraq bildirir ki, faktiki olaraq müqaviləni imzalamağa hazırdır, amma bunun üçün İrəvanın iradəsi olmalıdır”.
Arif Əliyev vurğulayıb ki, Bakı həmçinin son təkliflərini də İrəvana göndərib:
"Onu dəyərləndirmək, hansısa məsələləri dəqiqləşdirmək qalır. Odur ki, sülh müqaviləsinin imzalanması ən yaxın vaxtda belə mümkündür.  Burada çox şey siyasi iradədən və prosesdə iştirak edən üçüncü tərəflərdən asılıdır. Onlara isə bu dəqiqə Ermənistanın oriyentasiyası daha vacibdir”. 
Həmsöhbətimiz qeyd edib ki, imzalanacaq sülh müqaviləsi belə ortada olan problemlərin heç də hamısını həll etməyəcək:
"Bu halda belə problemlərin böyük qismi həll olunmayacaq. Sülh müqaviləsi əsas prinsipləri müəyyənləşdirir. Məsələn, güc tətbiq etməmək,  dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşılması və s. Bu mənada sülh sazişi ilə bağlı deyilən sözlərin heç biri yalan deyil. Amma onların yalan çıxmasının səbəbi konkret maraqlar və konkret tərəflərin məsələni uzatmasıdır”. 
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan Tiflisdə keçirilən beynəlxalq İpək Yolu forumunda çıxışı zamanı İrəvanla Bakı arasında sülh sazişinin bir neçə ay ərzində imzalana biləcəyini deyib. Onun sözlərinə görə, hazırda sənəd üzərində fəal iş gedir. Paşinyan bu açıqlamadan bir gün əvvəl də "The Wall Street Journal”a müsahibəsində Bakı ilə yaxın aylarda sülh prosesi istiqamətində nizamlanmaya nikbin yanaşdığını dilə gətirib. 
Rüfət Sultan