Yay fəsli gəlsə də, meyvələr ucuzlaşmır: Səbəb nədir? (VİDEO)
Yay fəslinin gəlişinə baxmayaraq, bazarlarda və mağazalarda mövsümi meyvələrin qiyməti alıcıların narazılığına səbəb olur. Hazırda bazarlarda gilas və gilənarın bir kiloqramı 15 manatdan başlayır.
Mövzu ilə bağlı "Azad Azərbaycan" (ATV) telekanalı videomaterial hazırlayıb.
Alıcılar mövsümi meyvələrin bahalığından gileylənirlər. Satıcılar da təsdiq edirlər ki, keçən illə müqayisədə bu il meyvələrin qiymətində nəzərəçarpacaq artım müşahidə olunur. Bazarın qiymətlərini dəyərləndirən satıcılar məhsulun növündən asılı olaraq gilasın 5-10 manat, gilınarın isə 6-10 manat arasında dəyişdiyini bildirirlər. Digər meyvələrin də qiymətində keçən illə müqayisədə artım qeydə alınıb.
İqtisadçı Xalid Kərimli qiymət artımını bir neçə amillə əlaqələndirib. Onun sözlərinə görə, əsas səbəblərdən biri hava şəraitidir:
"Yağıntılı və sərt hava şəraiti, temperaturun kəskin dəyişməsi meyvə-tərəvəz sahələrinə müxtəlif cür təsir edir".
İqtisadçı, həmçinin əlavə edib ki, istehsalçıların xərclərinin artması da qiymətə birbaşa təsir göstərir:
"Meyvə-tərəvəz istehsalçılarının yetişdirmə və məhsulu bazara çatdırma xərclərinin artması qiymət artımının əsas səbəblərindən biridir".
Ekspert hesab edir ki, bu il xüsusi hallarda bəzi mövsümi meyvələrin qiymətində müəyyən enmələr müşahidə oluna bilər, lakin ümumi qiymət səviyyəsinin ötən illə müqayisədə daha yüksək qalacağı gözlənilir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər