Xəbər lenti

Yazıçı Varis: "Qapı açıqdırsa, onu döyməyə ehtiyac yoxdur" - Müsahibə
Sənət11:25 06.07.2015

Yazıçı Varis: "Qapı açıqdırsa, onu döyməyə ehtiyac yoxdur" - Müsahibə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son zamanlar kitab satışı mərkəzlərinə yolumun tez-tez düşməsi, məni yazarlar ilə musahibəyə həvəsləndirən səbəblərdən biridir desəm, yanılmaram. Çünki bu zaman kitabların və kitabsevərlərin əhatəsində olursan. Həmin yazarların, oxucuların polemikaları, böyük həvəslə öz sevdikləri yazarın əsərini digərinə tövsiyə etmələri, məndə nədənsə bir fikir yaratdı. Oxucularımızın ən çox sevdiyi yazarlardan müsahibə alıb, onları maraqlandıran , bəlkə də vermək istəyib də, verə bilmədikləri sualları vermək.

Bu yolda ilk müsahibim son zamanlar daha çox gənclərin sevə-sevə oxuduğu yazıçılardan biri Varis oldu. Yazar özünü belə təqdim etdi: Mən Sumqayıtda ziyali ailəsində doğulmuşam. Atam filologiya elmləri namizədi idi. Evimiz başdan başa kitabla dolmuşdu. Mən kitabların içində böyümüşəm. İlk oyuncaqlarım da elə kitablar olub. Artıq, 5 yaşım olanda  onları sərbəst oxuyurdum. Bakı Dövlət Universitetinin  Filologiya fakültəsini bitirmişəm. Hələ 90-cı illərdə ilk qələm təcrübələrimə - hekayələrimə xalq yazıçısı İsmayıl Şıxlı rəy verib, onları “Ulduz” jurnalında dərc etdirib. Amma ədəbiyyata gəlişim xeyli yubanıb. Belə ki,  müharibə, cəmiyyətin siyasiləşməsi məni ədəbiyyata yox, jurnalistikaya apardı. “168 saat” qəzetinin baş redaktoru, “7 gün” qəzetinin redaktoru, sonra da Dövlət teleradio şirkətində redaktor, hazırda isə, departament rəisi. Ədəbiyyata yalnız 2008-ci ildə gəldim, ilk debütüm 10 min tirajlıq  “Sonuncu ölən ümidlərdir” romanı oldu.

-Bəs məktəbdə necə? Seçilən şagirdlərdən olmusunuz?

-Məktəbdə aşağı sinifdə oxuyanda mən rəssam kimi sevilirdim.  Məni direktor yuxarı siniflərə aparıb şagirdlərə nümunə göstərirdi. Adım belə idi – “məşhur Varis”. O vaxt “Göyərçin” jurnalında rəsmlərim dərc edilmişdi.

-Növbəti əsərlərinizdə rəsm çəkmək qabiliyyətinizdən istifadə etmək kimi bir niyyətiniz var?

-Bəlkə nə zamansa oldu.

-Əsərlərinizin çoxunda baş qəhrəman qadın obrazları demək olar ki, eyni biçimdə təsvir edilib. Bu obrazlar Varisin təsəvvüründəki ideal qadın obrazıdırmı?

-Əslində iki əsərdə belədir - Nailə və Əminə obrazı. Bəli, bu mənim ideal qadın obrazımdır.

-Hansı şəraitdə və ab-havada yazmaq sizin üçün rahatdır?

Mən yazanda cəmi bircə şərt lazımdır - sakitlik olsun, otağa girib fikrimi yayındırmasınlar.

-Bütün yazıçıların ilham pərisi var. Bəs Varisin ilham pərisi nədir və ya kimdir?

-Düzdür, mənim ilham pərim yoxdur, ancaq fəth etmək istədiyim zirvə var - nə vaxtsa, dünya şöhrətli yazar olub Azərbaycanı tanıtmaq. Bu zirvəyə çatmaq ehtirası mənim ilham pərimdir, əslində.

-Romanlarınızda tez-tez müxtəlif şairlərin şeirlərinə yer verirsiniz. Bəs özünüzü ədəbiyyatın bu qolunda sınamaq fikriniz var?

-İlk gənclik illərimdə şeir yazmışam. Amma bundan sonra yenidən poeziyaya qayıtmaq fikrim yoxdur. Nəsrin roman növü hazırda dünya ədəbiyyatında dominantlıq edir.

-Sizcə niyə insanlar açıq qapıların döyülməsinə bu qədər çox vaxt sərf edirlər?

-Yüz ölçüb bir biçmək, həddən artıq ehtiyatlı olmaq, qorxaqlıq və cəsarətsizlik, özünə güvənin olmaması situasiyanı düzgün dəyərləndirə bilməmək bugünki insanın ən zəif cəhətləridir. Sadəcə, anlamaq lazımdır ki, qapi açıqdırsa, deməli, onu döyməyə ehtiyac yoxdur.

-Heç açıq qapı arxasında qaldığınız olub?

Düzü, mən açıq qapıların qarşısında boyun bükməyi xoşlamıram.

-İnandıqlarınız çoxdur, yoxsa arzuladıqlarınız?

-Təbii ki, arzu daha çox olur. Bunların əksəriyyətinə inanırsan, bəzilərinin isə utopiya olduğuna özün də razılaşırsan.

-Son zamanlar oxucularınızdan tez-tez eşidirəm:"Varisin bu romanını da bir nəfəsə oxudum". Bəs siz axır vaxtlar hansı əsəri belə acgözlüklə oxumusuz?

-Mən özümü çox ciddi, hərtərəfli oxucu sayıram. Demək olar ki, dünya ədəbi prossesində bütün ədəbi hadisələri qaçırmamağa çalışıram. İndi dünya Den Braunun “Da Vinçi Kodu”nu, Patrik Zuskindin “Ətriyyatçı”sını, Sesiliya Ahernin “Mən səni sevirəm” ini, Koelyonun “Əlkimyagər”ini, Elif Şafakın “Aşk”ını, Frederik Beqbederin “Məhəbbət üç il yaşayır” və s. bu qəbildən olan əsərləri oxuyuram. Məni ən çox təsirləndirən iki əsəri qeyd etmək istəyirəm. Postmodernizm nümunəsi olan Joze Saramoqanın “Korluq” romanı və tarixi dram hesab olunan Xalid Hüseyninin “Çərpələng uçuran” romanı.

-Həyatda nəyin varisi olduğunuzu düşünürsünüz? 

-Bu adı atam mənə qoyanda doğrudan da məni ədəbiyyatımızda Varis kimi görmək istəyib. Ancaq mən hələ nəyinsə varisi olduğumu deyə bilmərəm. 

Qaynar.info

Aysel Məmmədli