
Real hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli bu gün qeyd olunan Konstitusiya Günü ilə bağlı fikirlərini bölüşüb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, E.Qədirli qeyd edib ki, 12 noyabr 1995-ci ildə bu Konstitusiyanın əleyhinə səs verib: “Sonrakı referendumlarda da əleyhinə olub səsim. Əleyhinə səs verməyimin təməlində hüquqi arqumentlər olub (siyasətlə əlaqəsi azdı). Konstitusiya mətninin əleyhinə səs verməyimə baxmayaraq, Konstitusiyaya əməl etməyi həmişə vacib saymışam və heç zaman Konstitusiyanın hətta bəyənmədiyim mətnini dəyərdən sala biləcək təqdimatlar etməmişəm. Hətta indiki halında əməl olunardısa, bu Konstitusiyaya uyğun xeyli yaxşı iş görmək, indikindən daha ədalətli və güclü cəmiyyət qurmaq olardı”.
Erkin Qədirli Azərbaycanın yeni konstitusiyaya ehtiyacı olduğunu bildirib: “Bununla belə, hesab edirəm ki, bu Konstitusiyanın mayasında böhran var. 90-ların ortalarında yaranmış vəziyyətə uyğun yazılmışdı, gələcəyəyönəlik deyil. Mətni də hüquqi baxımdan qüsurludur. Yeni (başqa) konstitusiyaya ehtiyac var.
Konstitusiyanın ana siyasi məqsədi - cəmiyyətdə qaçılmaz olaraq yaranan, haldan-hala keçən, nəsildən-nəsilə ötürülən münaqişləri mədəni məcraya salmaqdır. Diqqət edin, "həll etmək" yazmadım. Münaqişələr həll olunmur. Onların çox vacib rolu olur cəmiyyətlərin inkişafında. Dağıdıcı olmamaları üçün, mədəni məcraya salınmalıdır. Konstitusiya da bunun üçündür. Hər şeylə razılaşan cəmiyyətin konstitusiyaya ehtiyacı olmur”.
Qaynar.info