Qərb iqtisadi vasitələrlə Rusiyanı küncə sıxmaqda davam edir. Avropa Birliyi liderləri Rusiya neftinə mərhələli embarqo barədə razılığa gəliblər. Bir aydan çoxdur neft qadağasının daxil olduğu 6-cı sanksiya paketinin qəbuluna imkan verməyən Macarıstanı razı salmaq üçün yeni bir formul tapılıb: Rusiyadan dəniz yolu ilə alınan neftdən imtina olunacaq, boru xətti ilə idxal isə davam edəcək. Bu da dənizə çıxışı olmayan Macarıstan, Çexiya və Slovakiyanın maraqlarına cavab verir. Dəniz vasitəsilə idxal olunan neft AB-nin Rusiyadan aldığı neftin üçdə ikisindən çoxunu təşkil edir. İlin sonuna qədər ümumilikdə Rusiyadan satın alınan neftin 92 faizindən imtina olunacaq.
Qeyd edək ki, Avropa Rusiya neftinin ən böyük alıcısıdır. 2021-ci ilin sonlarına görə Rusiyanın neft ixracının 42 faizi Avropanın payına düşür. Rusiya Avropaya il ərzində 140 milyard kubmetr qaz ixrac edir. Bu isə Rusiyanın bütün ixracıın 35-40 faizi deməkdir. Deməli, neft və qaz məsələsində Rusiyaya sanksiyaların tətbiqi nəticəsində bu ölkə həmin məhsulları başqa bazarlara çıxartmaq barədə düşünməli olacaq.
Rusiya başqa bazarlar uğrunda gedən mübarizə fonunda aciz duruma düşüb. Məsələ ilə bağlı Qaynarinfo-ya danışan neft-qaz üzrə ekspert İlham Şaban hesab edir ki, Qərbin embarqosu fonunda Rusiyanın digər bazarlara çıxışı da bağlana bilər:"Rusiya gündəlik 7 milyon barrel həcmində neft və neft məhsulu satır. Proqnozlara görə, Qərbin həmin məhsula qoyduğu embarqo fonunda cari ilin dekabrında Rusiyaya məxsus neftin həcmi 3 milyon barrel azalacaq. Daha real nəticə isə gələn ilin yanvarın sonuna doğru bəll olacaq. Amma bütün hallarda dünya neftə möhtacdır. Vaxtilə İraq, İran, Venesuela neftinə də embarqo qoyulmasının şahidi olduq. Gözlənilən odur ki, yaranmış fonda digər bazarlarda yer almaq üçün Rusiya öz məhsulunu həmin istiqamətlər üzrə daha ucuz qiymətə satmalı olacaq. Bu isə Rusiyanın gəlirlərini itirməsi deməkdir. Düşünürəm ki, bu fonda Rusiya neft və qaz məhsullarını satmaq üçün əsas diqqəti qaçaqmalçılığa yönəldəcək”.
Rüfət Sultan