Xəbər lenti

Yer üzündə hələ də heç vaxt insan ayağı dəyməyən yerlər (SİYAHI)
Dünya 08:15 28.07.2026

Yer üzündə hələ də heç vaxt insan ayağı dəyməyən yerlər (SİYAHI)

Yer üzündə hələ də insanların ayaq basmadığı yerlər var: ora çatmağa nə mane olur**

Bir çox insan planetimizdə artıq araşdırılmamış heç bir yer qalmadığını düşünür. Lakin bu, həqiqətdən uzaqdır. Yer üzündə hələ də heç bir insanın ayaq basmadığı və ya demək olar ki, tamamilə toxunulmaz qalan ərazilər mövcuddur. Bəzi məkanlar dini və mənəvi səbəblərə görə qorunub saxlanılır, digərləri isə insan üçün həddindən artıq təhlükəli və əlçatmazdır. 

Qaynarinfo xəbər verir ki, keçilməz tropik meşələrdən qarla örtülü zirvələrə qədər "Daily Mail” hələ də kəşf edilməyi gözləyən belə ərazilərdən bəhs edib.

Mari Berd torpağı, Antarktida



Qərbi Antarktidada yerləşən Mari Berd torpağının sahəsi 1,61 milyon kvadrat kilometrdir. Bu ərazi hüquqi baxımdan heç bir dövlətə məxsus olmayan "heç kimin torpağı” hesab olunur.

Alimlərin qiymətləndirməsinə görə, bölgənin 99,6 faizi insan təsirindən tamamilə uzaqdır. Müqayisə üçün qeyd edilir ki, bütün Antarktida üzrə bu göstərici təxminən 32 faiz təşkil edir.

Şimali meşə kompleksi, Myanma



Hindistan və Çin sərhədləri arasında, Myanmanın ən şimal hissəsində yerləşən bu sıx meşələr 30 296 kvadrat kilometr ərazini əhatə edir.

Bu, Cənub-Şərqi Asiyanın ən böyük toxunulmamış meşə sahələrindən biridir. Hesablamalara görə, burada 6000 növ canlı yaşayır və onların 1500-ü dünyanın başqa heç bir yerində rast gəlinmir.

1960-cı illərdə Myanmada baş verən siyasi qarşıdurmalar səbəbindən Şimali meşə kompleksi əksər tədqiqatçılar üçün bağlı olub.

Qanqkhar Puensum, Butan



7550 metr hündürlüyə malik Qanqkhar Puensum dünyanın ən yüksək fəth edilməmiş dağı hesab olunur.

Sərt hava şəraiti, uzaq yerləşməsi və kifayət qədər dəqiq xəritələrin olmaması zirvəyə qalxmağı çətinləşdirir. Lakin əsas səbəblərdən biri yerli əhalinin dini inanclarıdır. Onlar dağların müqəddəs olduğuna və zirvələrdə ilahələrin yaşadığına inanırlar.

1994-cü ildə Butan hökuməti 6000 metrdən yüksək dağlara qalxmağı qadağan edib, 2003-cü ildə isə ölkədə alpinizmə tam qadağa qoyulub.

Maçapuçare, Nepal



Şimali Nepalda Annapurna qoruq ərazisinin üzərində yüksələn bu dağın iki zirvəsi 6993 metr hündürlüyə çatır.

Yerli qurunq xalqının əfsanələrinə görə, dağ hinduizmin əsas tanrılarından biri olan Şivanın məskənidir.

1957-ci ildə Britaniya ekspedisiyası zirvəyə qalxmaq üçün icazə alsa da, zirvəyə 150 metr qalmış geri dönüb. Bundan sonra yeni qalxış icazələri verilməyib və dağ toxunulmaz olaraq qalıb.

Summa Ri, Pakistan və Çin sərhədi



Nəhəng Summa Ri və Summa Ri II zirvələri son dərəcə təhlükəli və əlçatmaz olduğuna görə indiyədək fəth edilməyib.

Pakistan-Çin sərhədinin ucqar bölgəsində yerləşən bu dağların hündürlüyü müvafiq olaraq 7312 və 7302 metrdir. Onlar qalxmağa icazə verilən ən yüksək fəth edilməmiş dağlar hesab olunur.

Nyainqentangla, Tibet



600 kilometr uzunluğa və 200 kilometr enə malik bu uzaq dağ silsiləsi demək olar ki, toxunulmaz vəziyyətdədir.

Hündürlüyü 6000 metrdən çox olan 164 zirvədən 159-u hələ də fəth edilməyib.

Qakkel silsiləsi, Şimal Buzlu okeanı



Bu, Avrasiya hövzəsi boyunca uzanan, uzunluğu 1800 kilometr olan sualtı vulkanik dağ silsiləsidir.

Şimali Amerika və Avrasiya tektonik plitələri arasındakı çökəklikdə yerləşən bu ərazi 4600–5100 metr dərinlikdədir və Yer kürəsinin ən dərin nöqtələrindən biri sayılır.

Lakin Marianna çökəkliyindən fərqli olaraq, Qakkel silsiləsi ilboyu demək olar ki, keçilməz dəniz buzları ilə örtülü olur.

Yukatan senotları, Meksika



Bunlar təxminən 10 min il əvvəl su altında qalmış təbii əhəngdaşı karst çökəklikləri və mağara sistemləridir.

Yukatan əyalətində təxminən 7000 senot mövcuddur. Onlardan yalnız 142-si ziyarət üçün açıqdır. Bu isə o deməkdir ki, təxminən 98 faizi hələ də araşdırılmayıb.

Han Son Doonq mağarası, Vyetnam



Bu mağaranın dünyanın ən böyüyü olduğu hesab edilir. Xəritələşdirilmiş hissələrinin həcmi 38,5 milyon kubmetr, uzunluğu isə 9,4 kilometrdir.

Onilliklər ərzində aparılan məqsədli araşdırmalara baxmayaraq, tədqiqatçılar hələ də yeni gizli tunellər və otaqlar aşkar edirlər.

2019-cu ildə tədqiqatçılar əlavə olaraq 1,6 milyon kubmetr həcmə malik yeni sahələr aşkar ediblər.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->