Xəbər verdiyimiz kimi, dünən Rumıniya Respublikasının Prezidenti Klaus Yohannis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı zamanı ikitərəfli əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Söhbət əsnasında enerji sahəsində əməkdaşlığın perspektivləri, Rumıniyanın enerji təhlükəsizliyinin təmin olunması və enerji təchizatının şaxələndirilməsi baxımından Azərbaycandan təbii qaz və elektrik enerjisinin ixracı məsələləri də müzakirə olunub.
Həmçinin tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi də aparıblar.
Çox güman ki, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər deyiləndə, ilk növbədə Ukrayna ətrafında cərəyan edən proseslər nəzərdə tutulub. Belə ki, Rusiyanın Ukraynaya təcavüzü fonunda çoxsaylı insan bu ölkəni tərk etmək məcburiyyətində qalıb. Ukrayna ilə sərhəddə yerləşdiyindən ukraynalı qaçqınları ilk olaraq qəbul edən ölkələrdən biri məhz Rumıniyadır. Məlumatlara görə, hazırda bu ölkəyə 200 minə yaxın Ukrayna vətəndaşı gəlib. Hadisələrin gedişindən asılı olaraq həmin sayın artacağı, hətta milyon nəfəri keçəcəyi istisna deyil. Bu fonda Buxarest üzərinə düşdüyü ağır yükü bir qədər yumşaltmaq üçün ukraynalı qaçqınların bir hissəsinin digər ölkələrə yönləndirilməsində maraqlıdır. Onu da qeyd edək ki, Rumıniyaya gələn bu qaçqınlar arasında vaxtilə Azərbaycanda yaşayanlar, Azərbaycan əsilli insanlar da ola bilər.
Bu əsasda, böyük ehtimalla, iki dövlət başçıları arasında baş tutan telefon danışığında Buxarest Bakıdan getdikcə ölkəsində artan qaçqınların bir hissəsinin Azərbaycanda yerləşdirilməsinə şərait yaradılmasını da xahiş edib.
Rüfət Sultan