Xəbər lenti

Yunanıstan - Azərbaycan: İki oxşar cəhət - Natiq Cəfərli
Ekonomiks14:30 07.07.2015

Yunanıstan - Azərbaycan: İki oxşar cəhət - Natiq Cəfərli

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yunanıstan ilə Azərbaycanı müqaisə etmək, təbii ki, yersiz olardı, ciddi fərqlərimiz var, həm resurslarımız çoxdur, həm gənc nüfuzumuz var, həm də işləməyi sevən vətəndaşlarımız var. Amma 2 önəmli məsələ var ki, burada çox bənzərliklərimiz var və bu da bizim üçün ciddi təhdid mənbəyidir:

1) Yunanıstanın əsas problemlərindən biri odur ki, iqtisadiyyatın 35% hələ də dövlətin əlindədir, əhalisinin 10%-i büdcədən maaş alan təşkilatlarda, dövlət və hökumət qulluğunda çalışır, həm də əhalinin 25% təqaüdçüdür. 

Azərbaycanda da əhalinin 10%-i, 950 min nəfərə yaxını büdcədən maliyyələşən təşkilatlarda çalışır. Bu insanlar heç bir əlavə dəyər yaratmırlar, büdcə üçün yükdürlər, daha ötəsi, idarəetmə sisteminin effektivliyini aşağı salırlar. Bir-birini təkrarlayan qurumlar, şişmiş ştatlar, "qohum-tanış” hesabına ştatların artırılması bütün bunlar ölkəmiz üçün ciddi problemdir və yaxın gələcəkdə ən böyük problemlərdən biri məhz bu olacaq. Digər tərəfdən təqaüdçülərin sayı bizdə 1,3 milyon, yəni, əhalinin 15%-ə yaxını olsa da, təqaüdlərin çox aşağı olması iqtisadiyyatın gələcəkdə həll etməli olduğu mühüm problemlərdən biri olacaq. Bizdə xarici ticarətdə dövlətin payı 95%-ə yaxındır, heç Yunanıstanda da belə deyil, bu isə ciddi problemdir.

2) Yunanıstanın borcu 321 mlrd. avrodur, onların ÜDM-lərinin 180%-ə yaxındır. Bu anlamda bizim vəziyyət Yunanıstandan yaxşıdır, amma pis olan borclanmanın sürətlə artması, Dövlət şirkətlərinin borclarının yalnız dövlət təminatı ilə əldə edə bilmələridir. Bu gün sırf dövlət borcumuz ÜDM-ın 9%-i ətrafındadır, bu yaxşı rəqəmdir, amma konsalidə borclarımız, yəni sırf dövlətin və dövlət qarantiyası ilə alınmış kommersiya borclarının həcmi ÜDM-ın 20%-ə yaxınlaşır, ən təhlükəli hal budur ki, borclanma ilbəil artır və borcların ödənişinin intensiv dövrü 2020-ci ildən sonraya təsadüf edir. Yəni, bu hökumət ölkənin gəlirləri azaldıqca sürətlə borclanacaq, bunlardan sonra bizlər həm islahat aparmalı, həm də bunların yığdığı borcu qaytarmalı olacağıq. Bu anlamda bizdə də borc məsələsi ölkəmizin, dövlətimizin gələcəyi üçün ciddi təhdiddir. Bu günə Azərbaycanın dövlət borcu 7 mlrd. dollardır, amma tək elə SOCAR-ın dövlət təminatı ilə aldığı borclar da bir o qədərdir.

Bu iki məsələdə ölkələrimiz bir-birinə bənzəyir və ağıllı hökumətlər başqalarının faciəsindən dərslər çıxardır. İndiki hökuməti deyə bilmərəm, amma bizlər dərslərimizi alırıq, bir qırağa da qeyd edirik.

Qaynar.info